Lənkəranda Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib

Lənkəranda Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib
# 18 may 2012 19:35 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Mayın 18-də Lənkəran şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Mirzə Fətəli Axundov adına Milli Kitabxananın və Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş konfrans keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbirdə ilə Milli Kitabxananın direktoru, fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirov, Lənkəran şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev, sabirşünas alim, filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu və başqaları çıxış edərək Sabir yaradıcılığının müxtəlif aspektlərinə toxununblar.
Tədbirdə həmçinin M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş elektron məlumat bazasının təqdimatı keçirilib. Milli Kitabxananın direktor müavini, əməkdar mədəniyyət işçisi Mələk Hacıyeva elektron bazada toplanmış şairin həyat və yaradıcılığı, görkəmli şəxslərin Sabir haqqında fikirləri, şairin kitabları, haqqında bəhs edən kitablar, məqalələr, dövri nəşrlər və s. sənədlər barədə məlumat verib.
M.Ə.Sabir adına Lənkəran şəhər mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsinin böyük redaktoru Nərmin Heydərovanın “M.Ə. Sabir və uşaq ədəbiyyatı”, Milli Kitabxananın kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayevanın “M.Ə. Sabir və incəsənət” mövzularında məruzələri də maraqla qarşılanıb.
Sonda konfrans iştirakçıları Sabirin həyat və yaradıcılığından bəhs edən 150-dən çox kitab, dissertasiya və avtoreferatlar, not nəşrləri, qəzet və jurnal məqalələrini özündə əks etdirən zəngin sərgi ilə də tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR