«Günay Sığorta» şirkətinin daxilolmaları son bir ildə 21% artırıb

«Günay Sığorta» şirkətinin daxilolmaları son bir ildə 21% artırıb
# 09 aprel 2012 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkətinin 2012-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 154,674 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 21% çoxdur.

Şirkətin baş mühasibi Həlimə Əliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin müştərilərlə bağladığı sığorta müqavilələrinin sayı 4,6% artaraq 291-ə çatıb. Bu dövr ərzində ən çox müqavilə «Avtomobillərin kasko sığortası», «Əmlakın yanğından və digər risklərdən sığortası» və «Tibbi sığorta» növləri üzrə bağlanılıb.

H.Əliyevanın sözlərinə görə, bu ilin yanvar-mart aylarında «Avtomobillərin kasko sığortası» növü üzrə toplanan yığımların həcmi 45,656 min manat (ötən ilin I rübü ilə müqayisədə 25,3% artım), «Tibbi sığorta» üzrə 44,884 min manat (+15%), «Əmlakın yanğından və digər risklərdən sığortası» növü üzrə 39,682 min manat (-41%) təşkil edib. Bu növlərin məcmu daxilolmalarda payı isə müvafiq olaraq 30%, 29% və 25,6% təşkil edib.

Ödənişlərin strukturunda isə 35,752 min manatla «Avtomobillərin kasko sığortası» növü (məcmu ödənişdə payı 70%) liderlik edir tutub. Sonrakı yerdə 11,712 min manatla (23%) «Tibbi sığorta» və 3,751 min manatla «Əmlakın yanğından və digər risklərdən sığortası» növü (7,3%) qərarlaşıb.

Qeyd edək ki, bu ilin I rübündə sığorta hadisələri üzrə aparılan sığorta ödənişlərinin həcmi 51,121 min manat təşkil edib və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 65% çoxdur.

Xatırladaq ki, səhmdarları «Günaybank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) olan «Günay Sığorta» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 18 könüllü sığorta növü üzrə xidmət göstərir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 3,550 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR