Təhsil Nazirliyində ötən ilin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib

Təhsil Nazirliyində ötən ilin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib
# 31 avqust 2012 15:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyində 2011-2012-ci dərs ilinin əsas göstəriciləri və 2012-2013-cü dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təhsil naziri Misir Mərdanov qeyd edib ki, yeni dərs ilində ölkə üzrə 4523 ümumi təhsil müəssisəsində 1304687 nəfər şagirdin təlim-tərbiyəsi ilə 150998 müəllimin məşğul olacaq. 130454 şagirdin I sinfə qəbul olunacağı proqnozlaşdırılır.

Azərbaycanda məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində atılan addımlara diqqət çəkən Misir Mərdanov yeni dərs ilində 43588 yerlik 162 yeni təhsil müəssisəsinin istifadəyə veriləcəyini qeyd edib. Təhsil naziri 21 məktəb üçün 5104 şagird yerlik əlavə korpusların inşa olunduğunu, 103 məktəbin isə əsaslı təmir edildiyini nəzərə çatdırıb.

2012-2013-cü dərs ilinə ümumi təhsil məktəbləri üçün 194 adda 4018990 nüsxə dərslik və metodik vəsaitin çap edilərək məktəblərə çatdırıldığını söyləyən nazir 500 məktəbdə kitabxanaların modernləşdirilməsi işinin davam etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Təhsil naziri müəllimlərin işə qəbulu mexanizminin beynəlxalq təcrübə nəzərə alınmaqla daha da təkmilləşdirildiyini, bu il 16 mindən çox elektron ərizənin qeydə alındığını və müsabiqənin yekunlarına əsasən 2500-dən çox müəllimin ölkənin ümumi təhsil məktəblərindəki vakant yerlərə işə qəbul edildiyini nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR