Musa Quliyev: “Uşaqların köməksiz vəziyyətdə küçəyə atılması insan qətlinə bərabər haldır”

Musa Quliyev: “Uşaqların köməksiz vəziyyətdə küçəyə atılması insan qətlinə bərabər haldır”
# 07 fevral 2012 09:58 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Azərbaycanda uşaqlarını küçəyə atan valideynlərin qarşısında məsuliyyət qoyulmalıdır. Yəni uşağını atan ana və ya ata cinayət məsuliyyətində cəlb olunmalıdır. Hazırda bizim Cinayət Məcəlləsində bununla bağlı maddə yoxdur. Qanunvericiliyə bununla bağlı əlavə və dəyişikliklər etmək lazımdır”. Bu barədə APA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, uşaqların köməksiz vəziyyətdə küçəyə atılması insan qətlinə bərabər bir haldır: “Mən bununla bağlı təkliflər hazırlayacağam, komitədə də müzakirələr aparılacaq və qanunvericilik aktlarına əlavə də dəyişikliklər edilməsi üçün Milli Məclisə sənəd hazırlayacağıq. Çox güman ki, bu təkliflər Milli Məclisin yaz sessiyasında qaldırılacaq”.

M. Quliyev deyib ki, valideynlərin imtina etdikləri uşaqların qəbul olunması üçün böyük şəhərlərdə mərkəzlər yaradılmalıdır: “Belə uşaqlar Bakıda 1 nömrəli uşaq evinə yerləşdirilir. Gəncə və digər iri şəhərlərdə də uşaqların anonim qəbul olunması üçün doğum evlərinin və yaxud uşaq evlərinin nəzdində şöbələr açılmalıdır”. Millət vəkilinin sözlərinə görə, belə neqativ halların qarşısının alınması üçün maarifləndirmə işlərinin də aparılmasına ehtiyac var: “Maarifləndirmə aparmaq lazımdır ki, valideyn arzuedilməz uşaqdan xilas olmaq istəyirsə, onu doğum evində qoyub gedə bilər və ya müvafiq icra hakimiyyəti orqanına müraciət edərək uşağı dövlət himayəsinə verə bilər. Uşaqdan imtina edən valideyn heç bir halda onu küçəyə atmamalı və köməksiz vəziyyətdə qoymamalıdır. Buna görə valideyn cinayət məsuliyyəti daşıyır”.

Millət vəkili deyib ki, qadın məsləhətxanalarında digər müayinələrlə yanaşı hamilə qadınların psixoloji müayinəsi də aparılmalıdır: “Belə olduqda gələcəyin anasının ailə vəziyyətini, onun psixoloji durumunu öyrənmək olar. Bunlar kompleks şəkildə həyata keçirilsə, ailələr tərəfindən uşaqların küçələrə atılmasının qarşısı alınar və yaxud ən azı belə halların sayı azalar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR