Bakıda daşınmaz əmlakın elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsinin yaradılması layihəsinin təqdimatı keçirilib

Bakıda daşınmaz əmlakın elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsinin yaradılması layihəsinin təqdimatı keçirilib
# 10 oktyabr 2012 09:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Eonomics. Bu gün Bakıda Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən «Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi» layihəsinin icrasına başlanması ilə əlaqədar ictimai təqdimat keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirin keçirilməsində məqsəd Bakı şəhərində başlanacaq kadastr layihəsinin uğurla həyata keçirilməsi üçün maraqlı tərəflər və vətəndaşlar arasında maarifləndirmə, agahlıq və izahat işlərinin aparılması, digər əlaqədar icra qurumları ilə fəaliyyətin əlaqələndirilməsi, iş prosesində dəstəyə nail olmaqdır. Tədbirdə çıxış edən Komitə sədrinin müavini Rafiq Cəlilov qeyri-neft sektorunun inkişafında vacib rol oynayan və investisiya proseslərinə təkan verən ölkədə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verib.

Sədr müavini qeyd edib ki, ƏMDK tərəfindən müasir dünya təcrübəsinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır: «Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkənin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir».

R.Cəlilov onu da bildirib ki, artıq icrasına başlanan «Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması» layihəsi Dünya Bankı, KfW və cəlb edilmiş beynəlxalq məsləhətçilərin tövsiyələri nəzərə alınmaqla hazırlanmış Texniki Tapşırığa əsasən elan edilən açıq tenderin qalibi Türkiyənin «Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş.» şirkəti tərəfindən görüləcək: «12 ay ərzində həyata keçiriləcək bu layihə çərçivəsində ilk olaraq Bakı şəhərinin Sabunçu və Suraxanı rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılacaq. Belə ki, qeyd edilən rayonların rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Bu müddət ərzində həmçinin Bakının digər 9 rayonunda daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritələrinin tərtibi üçün zəruri kameral hazırlıq işləri görüləcək».

Layihəyə əsasən, Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi nəzərdə tutulur. Bu layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə, inkişaf planlaşdırılmasına və şəhər təsərrüfatının səmərəli idarəetməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcək. Bütün bunlar isə öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaq.

R.Cəlilov əlavə edib ki, Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına «Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi» layihəsi artıq başa çatmaq üzrədir. Bundan başqa, Azərbaycan və Almaniya hökumətləri arasındakı «Maliyyə əməkdaşlığı haqqında» sazişə əsasən, ƏMDK ilə KfW Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, Gəncə şəhərində və Şəki rayonunda «Kadastr və daşınmaz əmlakın qeydiyyatı» layihəsinin birinci fazasına dair işlər artıq yekunlaşdırılıb: «Ümumiyyətlə yaxın 3 il ərzində Sumqayıt, Bakı, Gəncə şəhərləri və Şəki rayonu üzrə «mükəmməl kadastr»ın, ölkənin digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə isə «sadə kadastr»ın yaradılmasına nail olmaq niyyətindəyik. Sonrakı illərdə «mükəmməl kadastr»ın yaradılması işləri ölkənin bütün ərazisini əhatə edəcək».

İnkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübəsi əsasında həyata keçirilən bu kimi layihələr nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud proseduraların sadələşdirilməsi, qeydiyyata sərf olunan vaxtın azaldılması, məlumatların dəqiqliyinin təmin edilməsi, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaq. Elektron kadastr məlumat bazası icra və qanunvericilik orqanlarının strukturları, məhkəmələr, banklar, fiziki və hüquqi şəxslər, bələdiyyələr qanunvericilikdə müəyyən edilmiş qaydalarda dövlət tərəfindən mövcudluğu tanınmış kadastr uçotu obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz ediləcək. Bu baza ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informaiya mübadiləsi aparmağa, onla daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR