Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb

Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu başlayıb
# 01 sentyabr 2012 09:35 (UTC +04:00)
AMEA-dan APA-ya verilən məlumata görə, doktoranturaya sənədlər sentyabrın 1-dən 30-dək qəbul ediləcək. Qəbul imtahanları oktyabr ayında keçiriləcək.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan, ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim mütəxəssis olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Doktoranturaya qəbul üçün doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və ya təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi qeydiyyat vərəqi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3 ədəd fotoşəkil, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) və şəxsiyyəti təsdiq edən sənədin surəti lazımdır.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.

Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə, AMEA-nın elmi müəssisələrinə qəbul olunanlar yataqxana ilə təmin olunurlar.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə AMEA-ya 288, digər elmi təşkilatlara 189 plan yeri verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR