Yunanıstan səfiri: “Maliyyə böhranı Yunanıstan-Azərbaycan münasibətlərinə neqativ təsir göstərməyib”

Yunanıstan səfiri: “Maliyyə böhranı Yunanıstan-Azərbaycan münasibətlərinə neqativ təsir göstərməyib”
# 27 aprel 2012 08:30 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Yunanıstanın Azərbaycandakı səfiri İonis Metakses verib. O ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığı yüksək qiymətləndirib: “Hazırda Yunanıstan “BOTAŞ” şirkəti vasitəsilə “Şahdəniz-1” yatağında çıxan qazı idxal edir. Artıq ARDNŞ-in “BOTAŞ” şirkətinin öhdəliklərini öz üzərinə götürməsi barədə prinsipial razılaşma əldə olunub. Hazırda bu prinsipial razılaşmanı hüquqi sazişlə əvəzləmək üçün ən münasib vaxtdır”.

İkitərəfli əlaqələrin hər iki dövlət üçün mühüm olduğunu vurğulayan səfir heç bir amilə bu gün əldə olunan nailiyyətlərin üzərinə kölgə salmağa imkan verilməməsinin vacibliyini söyləyib: “Bu il biz diplomatik münasibətlərimizin 20 illiyini qeyd edirik. Bu münasibətlər 1992-ci il aprelin 4-də qurulub. Öz tərəfimizdən inanırıq ki, İTGİ Azərbaycan qazının bir istiqamətdən Yunanıstan və İtaliyaya, digər istiqamətdən isə bu layihənin tərkib hissəsi olan İGB vasitəsilə Bolqarıstan, Rumıniya, Serbiya və Macarıstana nəqlini nəzərdə tutan düşünülmüş layihədir. Təəssüf edirəm ki, bu layihənin dayandırılması barədə qərar qəbul olunub, çünki layihənin reallaşması üçün maliyyə vasitələri hazır idi. Yunanıstan və İtaliya İTGİ layihəsini Azərbaycan, xüsusilə ARDNŞ üçün etibarlı alternativ hesab edir”.

İonis Metakses Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın 4-cü iclasının Afinada keçiriləcəyini, lakin iclasın tarixi ilə bağlı dəqiq məlumata malik olmadığını deyib. Yunanıstanın öz iqtisadiyyatına Azərbaycan sərmayəsini cəlb etməkdə maraqlı olduğunu deyən səfir artıq dprd birgə biznes-forumun keçirildiyini vurğulayıb: “Son forum ötən il Bakıda keçirildi və hər iki ölkənin prezidentləri bu forumda iştirak etdilər. Bununla da uzun illər ərzində Yunanıstan iqtisadiyyatına Azərbaycan sərmayəsinin cəlb olunması istiqamətində xeyli iş görülüb. Digər tərəfdən Azərbaycan iş adamlarını dünyaya açıq və yunan iqtisadiyyatına maraqlı investisiya imkanlarını dəyərləndirə biləcək şəxslər kimi qiymətləndirirəm. Ümidvaram ki, biz tezliklə biznes tərəfdaşlarının qarşılıqlı qərarlarının bəhrəsini görəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR