Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun proqram meneceri Azərbaycana gəlib

Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun proqram meneceri Azərbaycana gəlib
# 04 iyun 2012 07:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Avronest Parlament Assambleyasının (PA) həmsədri Kristian Vigeninin rəhbəri olduğu Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun proqram meneceri Kati Piri və institutun Gürcüstandakı nümayəndəsi Levan Tsutskiridze Azərbaycana gəlib. Bu barədə APA-ya Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun ofisindən məlumat verilib. Səfər faktaraşdırıcı xarakter daşıyır və Milli Məclisdə təmsil olunan siyasi partiyaların Niderland Çoxpartiyalı Demokratiya İnstitutu ilə əməkdaşlıq maraqlarını öyrənməyə xidmət edir.

Səfərin ilk günündə qonaqlar E. Süleymanovla görüşüblər. Onların Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev, Ana Vətən Partiyası sədrinin müavini Zahid Orucla görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, səfər Avronest PA-nın həmsədri Kristian Vigeninin Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova məktubu əsasında baş tutub.

Məktubda NÇDİ nümayəndələrinin Azərbaycan Milli Məclisində təmsil olunan siyasi partiyaların təmsilçiləri ilə görüşmək istəyi bildirilməklə yanaşı, bu görüşün təşkilində millət vəkilinin onlara yardımçı olması xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR