Nijni Novqorodda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib

Nijni Novqorodda Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsert keçirilib
# 31 oktyabr 2016 23:30 (UTC +04:00)

Nijni Novqorodda SSRİ Xalq Artisti, Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevə həsr edilmiş konsert tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbir Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Nijni Novqorod regional bölməsi, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Nijni Novqorod nümayəndəliyi və Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu tərəfindən təşkil edilib.

Tədbirin rəsmi hissəsində Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondunun prezidenti Tamara Sinyavskaya, Nijni Novqorod vilayətinin mədəniyyət naziri Sergey Qorin və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun adından konsertin təşkilatçılarına və iştirakçılarına ünvanlanan təbrik məktubları oxunub.

ÜAK-ın Nijni Novqorod regional bölməsinin sədri Azad Səmədov və təşkilatın icraçı direktoru Roman Ağayev Azərbaycan xalqının bu böyük oğlunun xatirəsini qəlbində yaşadan konsert iştirakçılarına təşəkkürlərini bildiriblər. Onlar Müslüm Maqomayevin dahiyanə yaradıcılığının dost və qardaş Rusiya və Azərbaycan xalqlarının mədəni irsinin ortaq qaynağı olduğunu vurğulayıblar.

ÜAK nümayəndəsi Anar Həsənov Müslüm Maqomayevin həyat və yaradıcılığı, parlaq və təkrarolunmaz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin rolunda çəkilməsi, həmçinin müğənni-bəstəkarın insani keyfiyyətləri – hədsiz populyarlığına baxmayaraq, təbii təvazökarlığı, sənətkar kimi prinsipiallığı barədə danışıb.

Ümumrusiya və beynəlxalq estrada mahnıları müsabiqələrinin qalibi Azərbaycanın Əməkdar Artisti Nikolay Penyakinin ifası gurultulu alqışlarla qarşılanıb.

Konsertdə digər ifaçılar – Ümumrusiya və beynəlxalq müsabiqələrin laureatları Anton Utkin, İvan Boqatov, Aleksandr Saryov, habelə Araz Zeynalov və Ayturan Süleymanlı da öz istedadlarını nümayiş etdiriblər. Nijni Novqoroddakı Azərbaycan rəqsləri məktəbinin yetirmələrindən təşkil olunan “Qarabağ” ansamblı milli rəqslərimizi təqdim edib.

Sonda konsertin bütün iştirakçıları ÜAK-ın Nijni Novqorod regional bölməsinin təşəkkür məktubları ilə təltif olunub.

Qeyd edək ki, tədbir çərçivəsində konsertin keçirildiyi məkanda - Dəmiryolçuların Mərkəzi Mədəniyyət Evinin foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan fotoşəkillər, bioqrafik kitablar və musiqi irsindən ibarət sərgi də təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR