Xalq artisti Yalçın Rzazadə: “Məndən şou-biznes nümayəndəsi çıxmaz”

Xalq artisti Yalçın Rzazadə: “Məndən şou-biznes nümayəndəsi çıxmaz”
# 15 dekabr 2006 11:04 (UTC +04:00)
“Mən heç zaman şou-biznes nümayəndəsi olmamışam və məndən oranın nümayəndəsi çıxmaz. Şou-biznesdəkilər özləri ilə prodüsser, menecer gəzdirirlər. Düzdür, menecerin, prodüsserin nə olduğunu bilirəm, ancaq mən bütün işlərimi özüm həll edirəm. Gərək sənətkara xalq qiymət versin, onun özünü gözə soxmağı lazım deyil”. Bunu APA-ya açıqlamasında xalq artisti Yalçın Rzazadə deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan klassik estrada musiqisində durğunluq var və çox şey çatışmır: “Muğamı çıxmaq şərti ilə bu gün Azərbaycan mədəniyyətində inkişaf getmir. Çox təəssüf ki, minlərlə müğənni çıxır, ancaq onlar restoranda oxumaqdan başqa bir işə yaramırlar. Axı Azərbaycan xalqı və bu xalqın mədəniyyəti, musiqisi, klassikası var. Bunlar işlənməli və gələcək nəslə ötürülməlidirlər. Bu bəxbəxtçilikdir”. Problemlərin çox olduğunu vurğulayan sənətçi fəxri adların ucuzlaşdırıldığını da deyib. Onun sözlərinə görə, bu gün fəxri ad alanlar heç bir əziyyət çəkmir: “Mən əziyyət çəkib bu adı almışam. Xalq artisti almaq üçün iki dəfə Ali Sovetin fəxri fərmanını almışam. 1979-cu ildə mənə əməkdar, 20 ildən sonra isə xalq artisti veriblər. Tofiq Quliyev, Rəşid Behbudov da xalq artistdidir, indikilər də. Bir dənə mahnı ifa edənə əməkdar artist adı vermək düzgün deyil. Eldar Mansurov çox gözəl bəstəkardır. O, sovet dövrünün bəstəkarıdır və çox istedadlıdır. Çox təəssüf ki, layiq olan Eldar Mansurov yaddan çıxıb”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR