Bank Of Baku

Gəncənin tarixinə dair yeni kitab dərc olunacaq

Gəncənin tarixinə dair yeni kitab dərc olunacaq
# 23 yanvar 2007 10:10 (UTC +04:00)
Gəncədə “Gəncə ölkəsindən yeni nağıllar” adlı kitab nəşr olunacaq. Bu barədə APA-nın Qərb bürosuna Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun direktoru Səyyaf Paşayev məlumat verib. Onun sözlərinə görə, 3 hissədən ibarət kitabın ilk hissəsində Gəncənin tarixi, ikinci hissədə Gəncə abidələri barədə ətraflı məlumat, üçüncü hissədə isə heç kəsə məlum olmayan, hələ də öyrənilməmiş tapıntılar barədə məlumatlar dərc olunacaq. Kitabın nəşr olunmasında əsas məqsəd bu nümunələrin aşkara çıxarılmasından ibarətdir. “Gəncə ölkəsindən yeni nağıllar” adlı kitabın apreldə nəşr olunması planlaşdırılır. Səyyaf Paşayev kitabda əks olunacaq yeni tapıntıların ölkə mədəniyyətinə təsiri barədə məlumat verib. “Araşdırmalarımız nəticəsində qədim Gəncə ərazisində, müasir Gəncənin tarixən formalaşmış hissəsində, eyni zamanda Kəpəz, Qoşqar dağları və Kür çayının sahilində bir çox məişət əşyaları tapmışıq. Həmin əşyaların üzərində qədim sənətkarlığa aid naxışlar əks olunub. Məsələn, dulusçuluq və keramika sahəsinə aid elə naxışlar aşkarlanıb ki, bu günədək respublikamızda və ayrı-ayrı yerlərdən əldə olunmuş məlumatlar içərisində bu naxışlardan bəhs olunmayıb. Hal-hazırda bu naxışların tədqiqi ilə məşğuluq.
Daşkəsən rayonu ərazisində isə 14 qalaça, 17 qala və 12 ehram aşkarlanıb. Bu günədək tapıntıların nə fotosu, nə də qeydiyyatı olub. Digər kəşf olunmuş ərazi isə Kəpəz dağı ərazisində VI-VII əsrlərdə hökmranlıq etmiş Xəzər tayfalarına məxsus 4 ayin yeri, Lüləli ərazisindəki Karvansara və Zəncirli körpüdür”. Qeyd edək ki, hazırda Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunun əməkdaşları yeni kəşf olunmuş ərazilərin xəritəsinin tərtibi ilə məşğuldurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR