Bank Of Baku

Lütfəli Abdullayevin qızı atasının xatirəsinin əbədiləşdirilməsi xahişi ilə prezidentə müraciət edəcək

Lütfəli Abdullayevin qızı atasının xatirəsinin əbədiləşdirilməsi xahişi ilə prezidentə müraciət edəcək
# 15 fevral 2007 08:24 (UTC +04:00)
Mərhum aktyor Lütfəli Abdullayevin qızı Xurşud Abdullayeva atasının adının əbədiləşdirilməsi və onun adına yumor festivalının keçirilməsi ilə bağlı dövlət başçısına müraciət edəcək. Bu barədə APA-ya açıqlama verən Xurşud Abdullayeva bildirib ki, martın 22-də Lütfəli Abdullayevin 93 yaşı tamam olacaq: “Çox təəssüflər olsun ki, ömrünün 30 ildən çoxunu bu sənətə həsr edən Lütfəli Abdullayevin bu zamana kimi yubileyi keçirilməyib. Bununla bağlı dəfələrlə Polad Bülbüloğluna müraciət etmişdik, ancaq heç bir faydası olmadı. Mədəniyyət Nazirliyi tərəfindən heç bir addım atılmadı. Polad Bülbüloğluna ünvanladığım məktub Milli Məclisdə olsaydı, düşünürəm ki, buna etinasız yanaşmazdılar. Çünki bütün xalq Lütfəli Abdullayevi sevir”. X. Abdullayeva Mədəniyyət və Turizm Nazirliyinə müraciət etməyi əhəmiyyətsiz hesab etdiyini deyərək, birbaşa prezidentə müraciət edəcəyini deyib: “Atamın 95 illik yubileyinin keçirilməsini artıq istəmirəm. Çünki onunla bir səhnədə çıxış edən aktyorlar dünyalarını dəyişiblər. Ancaq Siyavuş Aslan sağdır. Onun dostlarından heç kəs yoxdur, kim çıxıb onun haqqında danışacaq? Mən istərdim ki, Şəkidə onun adına bütün Azərbaycanı əhatə edəcək yumor festivalı keçirilsin və onun adını daşıyan küçə olsun. Lütfəli Abdullayevi bütün xalqımız sevir və bu sevgini ədəbiləşdirmək lazımdır. Biz övladları kimi bacardığımızı edəcəyik, ancaq küçəyə ad vermək bizim səlahiyyətimizdə deyil”. X. Abdullayeva bildirib ki, hazırda aktyorun digər qızı Gülnarə Abdullayeva Lütfəli Abudllayevin çəkildiyi filmlərin CD variantını hazırlayır: “Azərbaycan kino və teatrında özünəməxsus yeri olan Lütfəli Abdullayevin oynadığı bütün filmlər bu yaxınlarda CD variantında tamaşaçıların ixtiyarına veriləcək. Çox təəssüflənirəm ki, 34 ildir dünyasını dəyişən bir sənətkara bu cür münasibət göstərilir”. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov isə APA-ya açıqlamasında Polad Bülbüloğlunun nazir olduğu dövrdə baş verənlərə münasibət bildirməyi düzgün hesab etməyib: “Artıq bir ildir ki, Mədəniyyət və Turizm Nazirliyi fəaliyyət göstərir. Bu müddət ərzində Lütfəli Abdullayevin ailəsi tərəfindən bizə heç bir müraciət olmayıb. Polad Bülbüloğlunun zamanında nə baş veribsə, buna münasibət bildirmək düzgün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR