Bank Of Baku

Aşıqlar Birliyinin sədri Zümrüd Məmmədova: “Qeydiyyat məsələsini həll etməsələr, Norveç səfirliyindən siyasi sığınacaq istəyəcəyəm”

Aşıqlar Birliyinin sədri Zümrüd Məmmədova: “Qeydiyyat məsələsini həll etməsələr, Norveç səfirliyindən siyasi sığınacaq istəyəcəyəm”
# 15 fevral 2007 08:59 (UTC +04:00)
“Ədliyyə Nazirliyi Azərbaycan Aşıqlar Bilriyinin qeydiyyatı ilə bağlı yaranmış problemi həll etməsə, Norveç səfirliyindən siyasi sığınacaq istəyəcəyəm. Bizi yerləşdiyimiz binadan çıxardırlar və yeni yerlə təmin etmirlər”. Bu açıqlamanı APA-ya Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri Zümrüd Məmmədova verib. Onun sözlərinə görə, AAB-nin qeydiyyatla bağlı probelmi 2000-ci ildən başlayıb. Qurultayın qərarı ilə sədr seçildiyini bildirən Z. Məmmədova bilriliyin digər üzvü Qaracan Kərimli tərəfindən məhkəməyə verildiyini bildirib: “Bu addımı məni oradan uzaqlaşdırmaq və Qaracan Kərimlini sədr seçdirmək üçün etdilər. Bununla bağlı üç instansiyadan keçən məhkəmənin qərarı var və həmin qərarlarda rəsmi sədr kimi mən tanınmışam. Buna baxmayaraq Ədliyyə Nazirliyinin hüquqi şəxslərin qeydiyyatı idarəsinin rəisi Fazil Məmmədov bizim sənədləri götürüb Qaracan Kərimliyə bağışlayıb. Mənə bildirdilər ki, sizin sənədləri Fazil Məmmədov 500 ABŞ dollara satıb. Başım çıxmır ki, Ədliyyə Nazirliyi kimi bir qurum bu boyda məsələni necə edib? Əgər iş məhkəmə icraatındadırsa, gözləməli idilər. Məhkəmənin icraatında ola-ola bizim sənədləri qanunsuz olaraq kiməsə vermək olmazdı. Bununla bağlı şəxsən Fikrət Məmmədovun yanında oldum, iradlarımı bildirdim. Həmin şəxsləri çağırdı, danladı və dedi ki, məsələyə aydınlıq gətirəcək. Amma sonradan bu məsələylə bağlı heç bir aydınlıq gəlmədi”. Qurum rəhbərinin sözlrəinə görə, bundan sonra Fazil Məmmədov onunla qərəzçilik etməyə başlayıb. Z. Məmmədova F. Məmmədovla bağlı Yasamal rayon məhkəməsinə müraciət etdiyini və işin icraatda olduğunu bildirib. AAB sədri həmçinin yeni bina ilə təmin olunmaları üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət etdiyini, amma hələlik müsbət cavab almadıqlarını bildirib: “Oturduğumuz bina dövlət başçısının sərəncamına əsasən, təmirə dayandığı üçün bizi yerlə təmin etməlidirlər. Amma komitədən bildirirlər ki, Ədliyyə Nazirliyindən məhz Qaracan Kərimlini rəsmi şəxs kimi tanımaq və birliyin yer məsələsini onunla həll etməklə bağlı tapşırıq verilib”. Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hazırda bu məsələyə məhkəmədə baxıldığı üçün Aşıqlar Birliyinin sədri kimi heç bir tərəf qeydiyyata alınmayıb. “Bu onların daxilində gedən prosesdir. Məhkəmə gedə-gedə məsələyə münasibət bildirmək düzgün deyil”.
Məsələ ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən münasibət öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR