Bank Of Baku

Şair Musa Yaqubun 70 illiyinə həsr olunmuş tədbir keçirilib

Şair Musa Yaqubun 70 illiyinə həsr olunmuş tədbir keçirilib
# 16 may 2007 16:36 (UTC +04:00)
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında şair Musa Yaqubun 70 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə ilk sözü yubilyar söyləyib. Bu 70 illik ömrün əvvəlinə qayıdan şair çıxışında ağır uşaqlıq illərini, ilk şeirinin yazılmasını, mətbuatda çap olunmasını yada salıb. “Ömür yoluna baxanda birinci növbədə dostlarımı, yoldaşlarımı düşünürəm” - deyən şair dostların hesabına iş tapdığını, ədəbi mühitə, şəhərə gəldiyini bildirib. Oxucuların çox sevdiyi şeirlərin bir neçəsini oxuyandan sonra şair sözü xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıya verib. “Kimsə bir gün Musa Yaquba heykəl qoymaq istəsə, elə bir ağac budağını götürüb ucaltsa, olacaq Musa Yaqub” deyən Sabir Rüstəmxanlı şairin poeziyasının əvəzsizliyindən, bu yaradıcılığın təbiətlə bağlılığından söz açıb. Çıxışlarda qeyd olunub ki, bu gün yazıçı və şair dostlarının təbriklərini dinləyən şairin ilk şeiri Göyçayda çıxan “Qalibiyyət bayrağı” qəzetində dərc edilib, ilk şeirlər kitabı olan “Yarpaqlar oxuyur” 1966-cı ildə çapdan çıxıb. 1977-ci ildə Bakıya köçən şair 1978-ci ildə şəhəri şəhərlilərə tapşıraraq, təkrar kəndə qayıdıb. Musa Yaqub 1995-ci ildə millət vəkili seçilib. 1937-ci ildən bu günə kimi 70 illik bir yolun yolçusu olan Musa Yaqubun 19 şeir kitabı çıxıb. Yubileyi ərəfəsində işıq üzü görən “Cəm” toplusunda isə şairin bütün yaradıcılığı bir kitabda toplanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR