Əkbər Qoşalının “Altun bitig - Qızıl kitab” əsəri çapdan çıxıb

Əkbər Qoşalının “Altun bitig - Qızıl kitab” əsəri çapdan çıxıb
# 12 iyul 2007 11:29 (UTC +04:00)
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü Əkbər Qoşalının “Altun bitig - Qızıl kitab” əsəri çapdan çıxıb. APA-nın məlumatına görə, yeni çapdan çıxan bu əsərdə Azərbaycan dilində işlənən yabançı sözlərin öztürkcədə qarşılığı, insan və yer adları, aylar, günlər, bürclər, çinlər, Türk Əlifbası və s. toplanıb. Azərbaycan dilində özünə yer eləmiş və ümumişlək hala gəlmiş bir çox xarici sözlərin öztürkcəmizdə qarşılığını verən müəllif heç də ən doğru seçimi ortaya qoyduğunu iddia etmir. Əkbər Qoşalı kitaba yazdığı ön sözdə bu iddiada olmadığını açıq şəkildə ortaya qoyur: “Altın bitig”i yazmaqda amac heç də hamının burada toplanmış sözlərlə danışmasını istəmək və ya burada ən doğru seçimin edildiyi iddiasını ortaya qoymaq deyil. Bu, bir peşəkar dilçinin qələminin məhsulu da deyil. Bu bir vətəndaşın ruhi ehtiyacının, ürək yanğısının məhsuludur. Biz “başqa dildən söz almaq eyibdir” deyə düşünmədiyimizi və dünyada başqa dildən söz almamış, yüzdə-yüz təmiz dil olmadığını bəri başdan vurğulamaq istərdik. Dünyanın bir çox dillərində, eləcə də, ən çox “söz alveri”ndə olduğumuz ərəb, fars və rus dillərində yetərincə türk və türk qaynaqlı sözlər olduğunu da bilirik. Ancaq dilimizdə işlədilməsinə sadəcə ehtiyac olmayan onlarla yabançı söz var ki, biz burada həmin sözləri bacardığımız qədər əhatə etməyə çalışmışıq”. Kitabda Azərbaycan dilinə xarici dildən keçmiş sözlərin öztürkcəmizdə bir neçə qarşılığı, o cümlədən həmin sözün qardaş türk xalqlarının öztürkcələrində olan variantları verilib. Qeyd edək ki, Əkbər Qoşalı 2006-cı ildə “Vektor” Beynəlxalq Elm Mərkəzinin təsis etdiyi Şahmar Əkbərzadə adına mükafata layiq görülüb. Müəllifin “Altun bitig-Qızıl kitab” əsəri də bu mükafata layiq görülməsi səbəbi ilə “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən nəşr olunub. Kitabın elmi redaktoru doktor Azər Turan, redaktoru Osman Ənvəroğlu, məsləhətçisi professor Elçin İsgəndərzadə, rəssamı Kosovo türkü Zeynel Beksaçdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR