Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyiin yarımillik fəaliyyətinə həsr olunmuş kollegiya iclası keçirilib

Mədəniyyət və Turizm Nazirliyiin yarımillik fəaliyyətinə həsr olunmuş kollegiya iclası keçirilib
# 24 avqust 2007 14:17 (UTC +04:00)
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin ilin ilk yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, kollegiyaya mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edib. Nazirliyin kollegiya üzvlərinin, Mərkəzi Aparatın əməkdaşlarının iştirak etdiyi iclasın gündəliyinə üç əsas məsələ - cari ilin birinci yarısının yekunları, II yarısının iş planının təsdiqi və 2006-2007-ci illərdə nazirliyin kollegiyası tərəfindən qəbul edilmiş qərarların icra vəziyyəti daxil edilib. Kollegiyada çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvar ayından indiyə qədər mədəniyyət sahəsi ilə bağlı görülən işlər barədə məlumat verib. Bu müddət ərzində ölkə rəhbərliyinin mədəniyyət və turizm sahəsinə xüsusi qayğı göstərdiyini vurğulayan Ə. Qarayev, ölkə başçısının bu sahələrə dair 40-a yaxın sərəncam və fərman imzalandığını deyib. O bildirib ki, teatr, kino, muzey, kitabxanalar, parklarla, abidələrlə və turizmlə bağlı imzalanmış sərəncamların icrası orada göstərilən müddətdə onların yüksək səviyyədə yerinə yetirilməsi nazirliyin hər bir əməkdaşının vəzifəsidir. Nazir çıxışında teatrlarda işləmək üçün kadrların yetişdirilməsinin vacibliyini vurğulayıb: “Teatrlarda səhnələşdiriləcək əsərlərin keyfiyyəti yüksək olmalı, teatrlara yeni nəfəslərin gəlməsi vacibdir. Saydan, kəmiyyətdən daha çox keyfiyyətə fikir vermək lazımdır”. Kollegiyada Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Əliqismət Lalayev, mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov, kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov və investisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov müvafiq sahələr üzrə görülən işlər üzrə məlumatlar veriblər. Kollegiyada cari ilin 6 ayı ərzində respublikamızda 120-yə yaxın dövlət əhəmiyyətli tədbirin keçirildiyi, dövlət teatrlarında 28 yeni tamaşanın hazırlandığı, incəsənət ustalarının Azərbaycanın müxtəlif bölgələridnə və xarici ölkələrdə səfərlərinin təşkil edildiyi qeyd edilib. Bundan başqa ilin birinci yarısında müxtəlif yubiley tədbirlərinin keçirildiyi də xüsusi qeyd olunub. İlin böyük hadisələri sırasında Azərbaycanın Qobustan Tarix Mədəniyyət Qoruğunun UNESCO tərəfindən mühafizə olunan mədəni-tarixi abidələrin siyahısına daxil edilməsi və Venesiyada keçirilən dünya sərgisində Azərbaycan guşəsinin açılması qeyd edilib. 2007-ci ilin əvvəlindən bu vaxta kimi respublikanın bölgələrində 13 muzey açılıb. Kollegiyanın sonunda nazirliyin hesabatı qənaətbəxş sayılıb. Kollegiyada bu ilin ikinci yarısı üçün iş planı hazırlanıb. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR