Bank Of Baku

Əsəd bəy imzası ilə tanınan Lev Nussimbaumun məktəb sənədləri tapılıb

Əsəd bəy imzası ilə tanınan Lev Nussimbaumun məktəb sənədləri tapılıb
# 02 oktyabr 2007 11:54 (UTC +04:00)
Azərbaycan Milli Arxiv İdarəsinin Dövlət Tarix Arxivində Əsəd bəy imzası ilə tanınan və bir çox tədqiqatçının “Əli və Nino” romanının müəllifi hesab etdiyi Lev Nussimbaumun (1905-1942) məktəb sənədləri tapılıb. Bu sənədlər onun 1914-1920-ci illərdə Bakıdakı 2 saylı kişi gimnaziyasında təhsil aldığını təsdiqləyir. Milli Arxiv İdarəsinin aparıcı arxiv işçisi Almaz Paşayevanın APA-ya verdiyi məlumata görə, tədqiqatçıların çoxdan axtardığı Levin bu məktəb sənədlərini aşkar etmək “Azerbaijan İnternational” jurnalının əməkdaşı Könül Səmədovaya nəsib olub. Bu məktəb sənədlərinin Levin mənşəyi və dini ilə bağlı suallara aydınlıq gətirəcəyi ehtimal olunur. Bu günə kimi bir çox tədqiqatçı Levin əsl adının Aslanoğlu, dini mənsubiyyətinin İslam olduğunu göstərib. Aşkar olunan məktəb sənədlərinə görə isə, Levin atası Abraham Nussimbaumdur və o, məktəbə 1914-cü ildə yazılıb, kiçiklər və böyüklər üçün hazırlıq məktəbinə gedib. Bu sənədlər, həmçinin, onu da göstərir ki, Lev xəstəliyi və inqilabdan əvvəlki siyasi qarışıqlıq üzündən sadəcə iki bütöv dərs ili təhsil ala bilib. Nəhayət, siyasi qarışıqlığa görə 14 yaşında atası ilə birlikdə Avropaya köçüb. Məktəb sənədlərinə görə, Lev alman dilindən 5, rus dilindən 4 qiyməti alıb, Azərbaycan dilindən isə kəsilib. Qeyd edək ki, Levin valideynləri haqqında məlumat Tiflisdə Gürcüstan Milli Arxivinin Dövlət Tarix Arxivində aşkar olunub. Tapılan evlilik şəhadətnaməsində atası Abraham Leyvusoviç Nussimbaum (Tiflis vətəndaşı), anası Basya Davidovna Sluizkin (Belarus) göstərilib. Onu da xatırladaq ki, müəllifliyi geniş müzakirə olunan “Əli və Nino” romanı artıq 28 dilə tərcümə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR