Bank Of Baku

Azərbaycanın ilk nəsr və tərcümə əsəri tədqiq olunur

Azərbaycanın ilk nəsr və tərcümə əsəri tədqiq olunur
# 05 oktyabr 2007 10:50 (UTC +04:00)
“Azərbaycan dilində olan ilk nəsr və tərcümə əsəri, həm də türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastan nümunəsinin Türkiyədə aşkar edilən və ölkəmizə gətirilən surəti hazırda tədqiq olunur və çapa hazırlanır. XIV əsrdə yaşamış Azərbaycan şairi Mustafa Zəririn “Sirətün-Nəbi və ya Siyər” kitabı xüsusən dil tarixi araşdırıcıları üçün qiymətli mənbədir, çünki dilin qrammatikası gərək nəsr nümunəsi əsasında tədqiq olunsun. Bu baxımdan Azərbaycan elmi-ədəbi mühiti üçün abidənin bədii keyfiyyətindən çox onun qrammatikası, dili mühüm əhəmiyyət kəsb edir”. Bunu APA-ya açıqlamasında ədəbiyyatşünas-alim Paşa Əlioğlu deyib. O bildirib ki, qədim ədəbi nümunə üzərində hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov tədqiqat aparır. Azərbaycan dili tarixinin bu günə kimi orta əsrlərə aid nəzm nümunələri əsasında tədqiq olunduğunu deyən P.Əlioğlu Mustafa Zəririn kitabının təmiz Azərbaycan dilində yazıldığını elm xadimlərinin təsdiqlədiyini bildirib. P. Əlioğlu türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastanın yazılma tarixçəsini də xatırladıb: “Mustafa Zərir Misirdə olduğu müddətdə VIII əsrdə yaşamış ərəb alimi İbn İshaqın “Kitabu-sirətür-Rəsulullah” əsərini “Sirətün-Nəbi” adı ilə Azərbaycan dilinə həm nəsr, həm də nəzmlə tərcümə etməyə başlayıb. Böyük mütəfəkkir-şair bu ağır işi 1380-ci ildə tamamlayıb”. Qeyd edək ki, Mustafa Zəririn bu kitabı barəsində tədqiqatçı-alimlərin məlumat olsa da, Azərbaycan ədəbiyyat tarixində ilk tərcümə və nəsr əsərinin mətninin tapılıb-üzə çıxarılması yalnız indi mümkün olub. Bu nümunənin surəti bir neçə ay öncə Türkiyədə elmi ezamiyyətdə olan Əlyazmalar İnstitutunun direktoru Məmməd Adilov tərəfindən Bakıya gətirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR