Bank Of Baku

“Day, Zəlimxan kimi danışa bilmirəm...” - FOTOSESSİYA

“Day, Zəlimxan kimi danışa bilmirəm...” - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 07 fevral 2008 10:07 (UTC +04:00)
Xalq şairi Zəlimxan Yaqubun Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyini dedilər. “Xəstəxanaya get, amma bu dəfə xəbər yazmağa yox, şairə baş çəkməyə”. Xəstəxanada da olmasa, iki gün sonra evində Zəlimxan Yaquba baş çəkdim, amma yazmaqdan da yan keçə bilmədim.
Həyət qapılarının kandarına çatanda dayanıb mənə tərəf əl elədiyini gördüm. Birinci dəfəydi Zəlimxan Yaqubun adamı dağ kimi kükrəyən uca səsi ilə yox, elə-belə əlini yelləməklə çağırdığını görürdüm. Yaxınlaşanda səssizliyinə özü aydınlıq gətirdi: “Day, Zəlimxan kimi danışa bilmirəm...”
Bir neçə dəfə söhbətə başlamaq üçün elədiyim cəhdləri müxtəlif ölkələrdən, fərqli ünvanlardan olunan telefon zəngləri yarımçıq kəsdi. Şair də hərəyə bir-iki kəlmə sakitləşdirici söz verməklə zəng edənləri arxayınlaşdırdı: “Üçüncü dəfədir ürəyim şıltaqlıq eləyir. Ancaq indi yaxşıyam. Xalqımın məhəbbəti elə mənə dərmandır. Elə bil anadan indi olmuşam”.
Fikirləşirəm ki, yaxşısı budur,elə telefon zənglərindən başlayım. Zəng edənlərin hansı “cəbhə”dən olduğunu soruşuram. Əlinin işarəsi ilə dünyanın hər yerini göstərmək istəyir. Deyir, hər gələn yüz zəngdən otuz-qırxı anaların hıçqırtıları olur: “Amerikadan, Türkiyədən dünyanın hər yerindən zəng edib dərdimi soruşurlar. Bu dəqiqə Cənubi Azərbaycanda yasdır. İndiyə kimi heç kəsin toyundan, yasından qalmamışam. Hərdən özüm-özümə deyirəm ki, çox az iş görmüşəm, ancaq düz yaşamışam. Bu xalqa damla vermişəm, dərya qaytarıb. Xalq məni həmişə formada saxlayıb”.
Söhbət əsnasında ehmalca xalq şairinin xəstəliyini öyrənmək istəyirəm. Hər halda, Mərkəzi Klinik Xəstəxanaya adamın ürəyinin “şəklini çəkməyə” aparmazlar ki... Hıqqına-hıqqına öyrənmək istədiyimi göydə tutur. Əvvəl öz diaqnozunu deyir - “Ürəyim sevgidən partlayıb”. Sonra da həkimlərin tapdığı xəstəlik haqqında danışır: “Mənim xəstəliyim xarakterlə bağlıdır. Ürək normalda bir dəqiqədə 85 dəfə vurmalıdır, mənimki isə 200 dəfə vurur. Dünyada bu xəstəlikdən əziyyət çəkən əlli xəstə ola, ya olmaya... Olsa-olsa, bu dərdin çarəsini bilən iyirimi də həkim var. Ancaq eşq olsun bu xəstəliyə! İnsan hər xəstəlikdən ayılanda yenidən doğulur”.
Xəstələnməmişdən bir gün qabaq AzTV-dən zəng vurub, xalq şairini “Zamanla üz-üzə”yə çağırırlar. Axşamdan oturub, zamanla necə üzləşəcəyini, zamandan nə soruşacağını, ona nə cavab verəcəyini götür-qoy edir. Sonra da sazı sinəsinə basıb bir-iki hava çalır. Yatağına girib yuxuya getmək istəyəndə isə ürəyi onu “yatmağa” qoymur - “Gördum ürəyim yerindən çıxır”.
Səhər saat dörddə təcili yardımla Mərkəzi Kilinik Xəstəxanaya yerləşdirilən Zəlimxan Yaqub möhkəm qorxur. Deyir, “Gedəndə elə bildim ki, day qayıtdı yoxdu. Ancaq həkimlərin bircə kəlmə sözü öz işini gördü. Dedilər, “Şair, qoymarıq bir telin yellərə pay ola...”
Zəlimxan Yaqub Almaniyada ürəyindən əməliyyat olunacaq. Bu əməliyyatın uğurla başa çatıb-çatmayacağını Allah bilər onsuz da Zəlimxan Yaqub ömrü boyu gözəl yaşamaq yox, gözəl ölmək haqqında fikirləşib...
Qapının kandarında əli ilə qarşılasa da, ayrılanda sözü ilə yola salır - “Hərdən düşünürəm ki, Allah mənə qəbirdə də yazmağa imkan verəcək...”
Bu da Zəlimxan Yaqubun Mərkəzi Klinik Xəstəxanadan evinə qayıdan kimi yazdığı bir parça...

Seçən Allah, Seçilən biz,
Buyruq Ondan, qulluq bizdən.
Hər könüldə qərar tutub,
Hər ürəyə enmir bu səs.
Hər qulağın işi deyil
Tuta Onun dalğasını.
Min illərdir sükut edir,
Sakit olur, dinmir bu səs.
Yeri birdir, yolu birdir,
Məkkəsi bir, Kəbəsi bir.
Peyğəmbərin ürəyindən
Başqa səmtə dönmür bu səs...




















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR