Azərbaycan İstanbulda keçiriləcək kitab sərgisində fəxri qonaq qismində iştirak edəcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, İstanbulda 2-10 noyabrda baş tutacaq sərginin mətbuat konfransı keçirilib.
Qeyd olunub ki, sərginin ilk 3 günü xaricdən qatılan nəşriyyat evlərinin fəaliyyətinə həsr olunacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxanalar Birliyinin sədri Taner Beyoğlunun sözlərinə görə, İstanbul Kitab Sərgisində 10 yaxın ölkədən 30 beynəlxalq naşir iştirak edəcək.
“Burada həm ticari, həm də mədəniyyətlərarası görüşlər baş tutacaq. İştirakçılar iki ölkə arasındakı əlaqələrin daha dərinləşməsi üçün səy göstərəcək. Biz öz tərəfimizdən isə türk ədəbiyyatının daha geniş coğrafiyaya yayılması üçün addımlar atacağıq”.
Azərbaycan tərəfini təmsil edən Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin müdürü Akif Marifli APA-ya açıqlamasında onu bildirib ki, Azərbaycan ilk dəfə olaraq xaricdə keçirilən sərgiyə fəxri qonaq qismində qatılır:
“Biz Türkiyəni onun bu sahədə böyük təcrübəsi olması və son 5 ildə ölkələrimiz arasında bu sahədə müxtəlif təmasların olmasına görə seçdik. Biz bura böyük və zəngin proqramla qatılacağıq. 10-dan çox nəşriyyat evimiz və tanınmış xalq şairi, yazıçıları da bu sərgidə iştirak edəcəklər. Bizim iştirakımızın məqsədi iki ölkənin naşirləri arasında təcrübə mübadiləsi aparmaq, B2B görüşləri keçirməkdir. Türkiyə regionumuzun ən böyük kitab sənayesinə sahib olan ölkələrdəndir. Bizim də naşirlərimizin Türkiyədəki həmkarlarının təcrübəsindən faydalanmağı inkişafa səbəb olacaq ”.
Bundan əlavə, sərgi çərçivəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edəcək. Mərkəzin müdürü Samir Abbasov bu cür tədbirlərin ölkəmizin mədəniyyətinin təbliği üçün vacib olduğunu vurğulayıb.
“Türkiyədə keçirilən sərgi və yarmarkalarda Azərbaycan Mədəniyyət Mərkəzi də aktiv iştirak edəcək. Biz Azərbaycan mədəniyyəti, kitab və kitabxana sahəsinin təbliğini aparacağıq. Artıq bir çox Azərbaycan klassiklərinin əsərlərinin türk dilinə tərcümə edilməsi layihəsi həyata keçirilir. İlk dəfə olaraq Azərbaycanın dahi şairi Nizami Gəncəvənin “Xəmsə” əsərinin bütövlükdə türk dilinə tərcümə layihəsi həyata keçirilir. Artıq “İskəndərnamə” əsəri hazırdır. Həm İstanbulda, həm də Ankarada kitab sərgilərində Azərbaycan əsas qonaqdır. Ankarada isə Azərbaycan Mədəniyyər Mərkəzinin açılması münasibəti ilə xüsusi stend qurulacaq”, - deyə o qeyd edib.