Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı keçirilib.
APA xəbər verir ki, qurultayda Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimovla yanaşı, ölkənin ədəbiyyat xadimləri, yazıçı, şairlər, həmçinin dünyanın bır sıra ölkələrindən fəxri qonaqlar iştirak edib.
Qurultay dövlət himnimiz və vəfat edən yazıçı, şairlərin, həmçinin şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Xalq yazıçısı Anar qurultayın 2019-cu ildən bu yana gecikməsinə diqqət çəkib:
"Mən qurultayın gecikməsi məsələsinə, əslində, bir qədər sevinclə yanaşıram. Çünki bu gün bu qurultay qalib ölkənin nümayəndələri, yazıçı və şairləri kimi keçiririk. Biz bu uğuru cənab Prezident, Cənab Ali Baş Komanda İlham Əliyevə və Ordumuza minnətdarıq".
Anar Türkiyənin keçmiş mədəniyyət naziri Namık Kamal Zeybekin Yazıçılar Birliyinin Fəxri üzvü seçilməsini təklif edib.
Filologiya elmləri doktoru, professoru Nizami Cəfərov İsa Muğannanın ev muzeyinin yaradılması təşəbbüsünü edib:
"İsa Muğannanın ev muzeyinin rəsmi statusu yoxdur. Hesab edirəm ki, dünya şöhrətli yazıçımızın yaşadığı həmin evə rəsmi ev muzeyi statusu verilməlidir. Bu, vacibdir".
AYB katibi, şair Səlim Babullaoğlu bədii tərcümə mərkəzinə göstərilən qayğısızlıqdan bəhs edib:
"Bədii tərcümə mərkəzi işləməlidir, bunu hər hansısa bir qurumla səhv salmaq olmaz. Həmin qurumu büdcədən məhrum etmək olmaz, qəti olmaz. Mədəniyyəti mədəniyyət edən onun davamlılığıdır. O baxımdan, biz də qoyduğumuz ənənələri davam etdirməliyik".
Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadə mətbuat yayımı ilə bağlı diqqət çəkən problemlərə toxunub:
"Bakı şəhərinin hər tinində qəzet və jurnal köşkləri var. Amma bu köşklərdə nə desən, satılır. Bir roman, bir hekayə, bir şeir yazıldığı halda oxuculara çatdırılırmırsa, onun heç bir əhəmiyyəti yoxdur. Mətbuat yayımı yazıçı ilə oxucu arasında əlaqə deməkdir. Bu əlaqə olmadan yaradılan ədəbiyyat əhəmiyyətini itirir".
Jurnal redaktoru ölkədəki kitabxanaların sayının artırılması məsələsini də vurğulayıb:
"Ölkədaxili kitabxanaların sayı artırılmalıdır. Bu məsələlərə diqqət yetirilməlidir. Təhsil ocaqlarında da vəziyyət acınacaqlıdır. Nə jurnal alan var, nə qəzet. Ədəbiyyat uşaqlara, xüsusən də gənclərə çatdırılmalıdır. Bu məsələ ilə ilk növbəti aidiyyəti idarələr məşğul olmalıdır".
Gənc şair Ramil Əhməd çıxışında Yazıçılar Birliyinə üzv seçimində yeni meyarların təyin olunmasını təklif edib.
Xalq şairi Vahid Əziz yazıçı və şairlərlə bağlı verilən sərəncamların icrasında AYB-nin də səlahiyyətinin vacibliyini vurğulayıb:
"Yazıçı və şairlərlə bağlı verilən sərəncamlarda Yazıçılar Birliyinin də səlahiyyətlərinin olması vacibdir. Yazıçılar Birliyi, bir növ, yazıçı və şairlərin Nazirliyidir. Hesab edirəm ki, yazıçı və şairlərlə bağlı bu cür sərəncamlarda iş icrası üçün birliyə də səlahiyyət verilməlidir".
Çıxışlar bitdikdən sonra açıq səsvermə keçirilib və Xalq yazıçısı Anar növbəti dəfə AYB-nin sədri vəzifəsinə seçilib.
***
17:10
Yazıçılar Birliyinin XIII qurultayında hər birində 5 üzv olmaqla 4 komissiya heyəti təsdiq olunub.
APA xəbər verir ki, komissiyanın sədr və üzvləri aşağıdakılardır:
Qurultayın katibliyinin sədri Adil Cəmil, üzvlər isə Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur;
Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər isə Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu;
Mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər isə Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif;
Seçki komissiyasının sədri Səyyad Aran, üzvlər isə Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı seçilib.
Qeyd edək ki, qurultayın sədr seçkisi çıxış və məruzələr bitdikdən sonra saat 16:30-dan sonra baş tutacaq.
***
11:47
Azərbaycan Yazıçılar Birliyinin Qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət ediblər.
APA xəbər verir ki, müraciət məktubunu şair, dramaturq İlqar Fəhmi oxuyub.
Məktubda dövlət siyasətinin ədəbi mühit tərəfindən dəstəkləndiyi qeyd edilib:
"Möhtəşəm qələbə və tarixi uğura görə, eyni zamanda, Azərbaycan ədəbiyyatına göstərdiyiniz qayğıya görə sizə minnətdarıq.
Sizin daxili və xarici siyasətinizi ədəbiyyat xadimləri olaraq ürəkdən dəstəkləyir və sizə fəaliyyət yolunuzda uğurlar arzu edirik".
Qurultaya həmçinin qazax şair, yazıçısı Oljas Süleymenov da təbrik məktubu göndərib. Məktubu Xalq yazıçısı Anar oxuyub.
Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, ideoloji işlərə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən güneylə bağlı siyasətin düzgün qurulmasına mane olur. Xalq şairi Güneydən gələn gənclərimizi dövlət hesabına oxudulmamasına diqqət çəkib: "Rəsmi orqanlarımız illər boyu Güney Azərbaycan üçün kadr hazırlığını əldən verib. Amma müxtəlif yerlərdən gələnlər oxuyublar. Çünki ideoloji işimizə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən güneylə bağlı siyasətimizin düzgün qurulmasına mane olub".
Sabir Rüstəmxanlı mədəni problemlərimizin olduğunu qeyd edib: "Əslində, qeyd ediləsi problem çoxdur. Məsələn, kəndlərdə mədəniyyət ocaqları, kitabxanalar yarıbayarı ixtisar edilib. Televiziyalarda kitab təbliğatı unudulub. Kəndlərin əksəriyyətində əhalinin bir yerə yığışması ancaq məscidlərdə olur, başqa yer yoxdur". Xalq şairi sözügedən məsələni ciddi problem adlandırıb. "Bu, son dərəcə ciddi bir problemdir. Oxucularımız çox sürətlə azalır, hətta əlimizdən alınır. İngilis və rusdilli məktəblərin içində bütün dərslər həmin dillərdə keçirilir. Sual doğurur ki, həmin gənclərlə bizim yazıçılarımızın əlaqəsi necə qurulacaq? O gənclərimiz ədəbiyyatımızda xəbər tuta biləcəkmi? Yox. Hesab edirəm ki, Azərbaycanda çağdaş tələblərə cavab verən yeni muzey kompleksi tikilməlidir. Əlyazmalar institutu daha etibarlı şəraitdə qorunmalıdır. Dünya muzeylərində Azərbaycan klassik ədəbiyyatının inciləri çoxdur və onlar nə qədər ki, məhv olunmayıb, Azərbaycana qaytarılmalıdır", - Xalq şairi bildirib.
***
10:59
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçirilir.
APA xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.
Sonra qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında öz işinə başlayıb.
Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edir.
Qeyd edək ki, AYB-nin sonuncu qurultayı 2014-cü ildə keçirilib və Xalq yazıçısı Anar sədr seçilib. O, 1987-ci ildən Birliyin sədridir.