Bakıda Abdulla Qədirinin kitabı təqdim edilib - FOTO

Bakıda Abdulla Qədirinin kitabı təqdim edilib - FOTO
# 02 avqust 2023 12:05 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Kitabxanasında "Azərbaycanda Özbəkistan mədəniyyəti günləri" çərçivəsində "Özbəkistan ədəbiyyatı guşəsi"nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin "Ötən günlər" əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Özbəkistan mədəniyyət naziri xalqlarımız arasında mədəni bağların qədimliyini vurğulayıb:
"Azərbaycan və Özbəkistan qardaş xalqlarını birləşdirən dəyərlərdən biri də ədəbiyyatımızdır. Əsrlər boyu həm Özbəkistan, həm Azərbaycan xalqlarını ədəbi bağlar birləşdirib. Azərbaycanın və Özbəkistanın dahi şairləri Nizami Gəncəvi və Əlişir Nəvai Türk dünyasının ədəbiyyatına böyük töhfələr verib.

Bu ənənə hazırda davam etdirilir. Xalqlarımızı mədəni əlaqələr bir birinə daha da sıx bağlayır. Mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi şübhəsiz ki, özünəməxsus rol oynayır. Özbəkistanda və Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi hər iki qardaş xalqın bir-birinin tarixi, mədəniyyəti və ənənələri ilə yaxından tanış olmasına böyük imkanlar yaradır”.

Nazir 1-4 avqust tarixlərində Azərbaycanda Özbəkistan mədəniyyət günləri keçirildiyini vurğulayıb.

Bugünkü tədbirin keçirilməsi də Azərbaycan və Özbəkistan xalqlarının daha sıx inteqrasiyasında öz möhürünü vuracaq", - deyə Nazarbekov bildirib.

Tədbirdə çıxış edən yazıçı Anar qeyd edib ki, Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin arasındakı dostluq və qardaşlıq münasibətləri ölkələrarası əlaqələrin daha da dərinləşməsində mühüm rol oynayır: "Səmimi qəlbdən inanıram ki, ölkələrimiz arasında əlaqələr siyasi, iqtisadi, mədəniyyət, həmçinin digər bütün sahələrdə də daha yüksək pillələrə qaldırılacaq".

Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfir Bahrom Aşrafxanov Azərbaycanda Özbəkistan günlərinin keçirilməsinə görə dövlətimizə təşəkkürünü bildirib və Azərbaycanda Özbəkistan günlərinin keçirilməsini hər iki xalqın mədəni həyatında böyük hadisə adlandırıb: “Biz qardaş Azərbaycan xalqından hər zaman Özbəkistana qarşı böyük diqqət, qayğı və hörmət görmüşük. Tarixən bizi birləşdirən mədəni əlaqələrin hazırda inkişaf etdirilməsi üçün həm Azərbaycan Prezidenti İlham Əliyevin, həmçinin Özbəkistan lideri Şavkat Mirziyoyevin siyasi iradələri öz rolunu oynayır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR