Şair Əlisəmid Kür Salyan rayon qəbiristanlığında dəfn edilib.
APA xəbər verir ki, onunla rayonun Hacı Tağı məscidində vida mərasimi keçirilib.
Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib.
Mərasimdə çıxışçılar Əlisəmid Kürün yaradıcılığı barədə söhbət açıb, onunla bağlı xatirələrini dilə gətiriblər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Əməkdar Mədəniyyət işçisi Umud Rəhimoğlu Əlisəmid Kürlə sıx dostluqlarından söhbət açıb: “Mən ilk dəfə və sonuncu dəfə Əlisəmidlə Salyana gəldim və Əlisəmidsiz Bakıya qayıdıram. Biz 45 ildir dostluq edirdik. Əlisəmid Kür öz poeziyası ilə Türk dünyasının dəyərli şairləri sırasında yer almışdı. Biz onunla çox tez-tez görüşürdük, söhbətlərdən usanmırdıq. Bütün söhbətlərinin içində Vətən, torpaq, sevgi var idi. Ruhu şad olsun”.
***
09:21
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər.
Ailəsinin bildirdiyinə görə, o, bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) vəfat edib.
Əlisəmid Kür bu gün Salyan rayonunda dəfn ediləcək.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
Xatırladaq ki, Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1981-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib.