Bakı. Cavid Zeynallı - APA. İtaliyada yazıçı Kamal Abdullanın italyan dilinə tərcümə edilən “Yarımçıq əlyazma” romanının təqdimatı keçirilib.
APA-nın “AzərTac”a istinadən verdiyi məlumata görə, Pontificia Salesiana Universitetinin və “Sandro Teti” nəşriyyat evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kamal Abdulla, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, təhsil ocağının professorları, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Universitetin rektoru, professor Karlo Nanni çıxış edərək bildirib ki, belə bir nəşrin İtaliyada işıq üzü görməsi xalqlarımızın ədəbiyyatsevərləri arasında yeni bağlar yaradacaq.
“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Tetti tədbir iştirakçılarına Kamal Abdullanın yaradıcılığı, əsərləri, multikulturalizmin inkişafına töhfələri barədə məlumat verib.
Fəlsəfə elmləri üzrə professor xanım Kristiana Freni romanın mövzusundan, yazıçının əsərin əsas qəhrəmanları olan tarixi şəxsiyyətlərə və hadisələrə yanaşma tərzindən danışıb. Bildirib ki, Daniele Franzoninin tərcümə etdiyi kitabda “Ön söz”ün müəllifi məşhur yazıçı və tarixçi, Florensiya Universitetinin professoru Franko Kardini, redaktoru isə professor Mikele Bernardinidir.
Tədbirdə çıxış edən Kamal Abdulla kitabın italyan dilində ərsəyə gəlməsinə yardımçı olanlara minnətdarlığını bildirib, bu əsərin İtaliyada nəşr olunmasından məmnunluğunu ifadə edib. Müəllif vurğulayıb ki, əsərin dünyanın bir sıra ölkələrində oxucular tərəfindən maraqla qarşılanması onu sevindirir.
Qeyd edək ki, roman fransız, türk, rus, polyak, ərəb, portuqal, alman və qazax dillərində nəşr olunub.