Bank Of Baku

Arif Acaloğlu: “Mən “Daş yuxular” əsərini Əkrəm Əylislinin yazdığına inanmıram” - MÜSAHİBƏ

Arif Acaloğlu: “Mən “Daş yuxular” əsərini Əkrəm Əylislinin yazdığına inanmıram” - <span style="color: red;">MÜSAHİBƏ
# 15 mart 2014 10:52 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbuldakı Yedditəpə Universitetinin dosenti Arif Acaloğlunun APA-ya müsahibəsi

 

- Azərbaycanın gündəmini vaxtaşırı məşğul edən məsələlərdən biri də Nobel mükafatı məsələsidir. Deyəsən, Əkrəm Əylisli ölkəmizdən Nobel mükafatına təqdim edilən ilk adamdır...

 

- Bəlkə bir az sərt olacaq, ancaq mənə görə, Nobel işi artıq bir ürək bulandırma arqumentinə çevrildi. Bir yazar iki hekayədən sonra deyir ki, istəsəm, Nobel alaram. O biri yazar deyir ki, mən hamıdan daha çox layiqəm, niyə mənə vermirlər? Sanki ədəbiyyatın dəyəri Nobelə görə müəyyənləşir. Mənə görə bu, çox anormal bir şeydir. Adını vermək istəmədiyim bir qazax yazar dostum var: deyir ki, bir romanım Avropada 4 dildə çıxdı, 1 ildə 2.5 milyon ədəd satıldı. Gələn il Nobel mükafatına təqdim edəcəyəm. Soruşuram ki, Nobeli nə edəcəksən? Deyir ki, məndən daha zəif yazarlar Nobel alıblar. Demək ki, bu iş ədəbiyyat yox, prestij məsələsinə dönüb. 1980-ci illərə qədər Nobel mükafatı ədəbiyyatda kriteriya deyildi, ancaq o vaxtdan roman sanki əmtəə halına gəldi. İndiki vəziyyətdə  ən yaxşı əsər də Nobel ala bilər, ən zəif əsər də. Nobel alan çox yaxşı yazarlar olduğu kimi, Nobel almayan daha yaxşı yazarlar da var.

 

- Məsələn, James Joyce...

 

- Ara qarışdı və əgər belə demək mümkünsə, Nobel məsələsi çox ayağa düşdü. Sənin də dediyin kimi, XX əsrdə Joyce səviyyəsində 3 və ya 4 yazar ola bilər, ancaq Joyce Nobel almayıb. Bilmirəm, Kafka alıbmı, yoxsa yox?

 

- Almayıb.

 

- Ancaq Kafka cavan yaşda ölməsəydi belə, Nobel iddiasında olacağını zənn etmirəm. İndi Nobel mükafatı məsələsi sanki millətlər üçün aşağılıq kompleksinə çevrilib. Deyirlər ki, bir azərbaycanlı da Nobel alsın. Qardaşım, alsa, nə olacaq, almasa, nə olacaq? Orhan Pamuk aldı, Türk toplumu üçün nə dəyişdi? Orhan Pamuk mənim bəyəndiyim yazar deyil, amma mənə görə haqqını aldı.

 

- Türkiyədəki yazar dostlardan biri deyir ki, ədəbiyyat sahəsindəki heç bir Nobel laureatı o mükafatı alandan sonra yaxşı əsər yaratmayıb.

 

- Ədəbiyyat baxımından bu ölkənin ən yaxşı yazarı olan Yaşar Kamal, mübahisəsiz ən yaxşı şairi olan Nazim Hikmət Nobel mükafatı almayıb. Pablo Neruda, mənə görə, Nazimdən yaxşı şair deyil, ancaq ona Nobel verilib. Bu söhbətlər Azərbaycanda da zaman-zaman gündəmə gəlir. Məncə, ən böyük yazarların ən böyük məmurlar olduğu ölkədə bu cür olur. Aşağıdan yuxarıya kimlərinsə vasitəsi ilə dövlət başçısı tərəfindən təltif edilmək, hansısa ölkənin önəmsiz bir akademiyasına fəxri üzv seçilmək bizdəki yazarların əksəriyyətinin kriteriyası sayıla bilər. Bu yaxınlarda özünü çox yüksəkdə görən - mənə görə sadəcə kreslosu yüksəkdədir - bir yazarın İstanbuldakı bir universitetdən fəxri professorluq almaq üçün necə rica-minnət etdiyini eşidəndə heç təəccüblənmədim. Bir qələm adamının güclülüyü və ya zəifliyi onun əsərlərinin az və ya çox çap edilməsiylə izah edilə bilməz. Sənin də yadına gəlir ki, o vaxtlar Vaqif Səmədoğlu ən az şeir çap etdirən adam idi, onda Vaqif Səmədoğlu pis şair idimi? O vaxtlar Salam Qədirzadənin kitabları 100 min tirajla çıxırdı, mağazalarda tapmaq olmurdu, ancaq o rəhmətlik ölmədən xalq adını unutmuşdu.

 

- Əkrəm Əylislinin 60-80-ci illərdəki yaradıcılığı dünya miqyasında çap edilməyə ən çox layiq olan ədəbiyyat nümunələrimiz arasındaydı. İndi isə onu Nobel sülh mükafatına tamamilə başqa motivli “Daş yuxular” əsərini ön plana çıxararaq namizəd göstəriblər.

 

- Bu işdə bir qəribəlik var. Bununla bağlı Əylislinin bu günlərdə bəzi açıqlamalarını oxudum. Nobel sülh mükafatına təqdim edilməsi, deyəsən, Əylislinin özünü də çaşbaş salıb. Bilirsən ki, Vladimir Putin də bir neçə ildən bəri Nobel sülh mükafatı almağa çalışır.

 

- Məktubda diqqət cəlb edilən nöqtələrdən biri budur ki, Əkrəm Əylisli türklərin ermənilərə soyqırım yaşdığını cəsur şəkildə yazan ilk türk yazarı olduğu vurğulanır. Orhan Pamuk bu barədə danışsa da, bədii əsər yazan ilk şəxsin Əkrəm Əylisli olduğu deyilir..

 

- Məncə, Əkrəm müəllim bu məsələdə qətiyyən həyəcanlanmasın, çünki onun yazıçı kimi xidmətləri bu məktubda əksini tapmayıb. Məncə, Əkrəm Əylislinin yerinə daha “dəlibaş” bir yazar olsaydı, indidən Nobel komitəsinə etiraz məktubu yazardı. Təqdimat məktubunda  romana bu qədər siyasi rəng verilməsi onun bədii əsər olmadığını göstərən önəmli bir faktordur. Əsəri diqqətlə oxumuşam, 60-70-ci illərdə ədəbiyyatımıza çox dəyərli əsərlər qazandırmış bir yazarın sətri tərcümədən ibarət olması bir tərəfə dursun, kompozisiya baxımından da uğursuz olan əsərlə “Nobel sülh  mükafatına iddiaçı” kimi təqdim edilməsi, hər şeydən əvvəl, Əylislinin  ədəbi karyerinə zərbədir. Açıqlamalarının birində Əkrəm Əylisli deyir ki, onu Nobelə təqdim edənlərin   bioqrafiyalarını oxuyub, görüb ki, onlar obyektiv insanlardır. Onu Nobelə təqdim edən Georgi Derluguian “erməni soyqırımı” məsələsinin ən hərarətli və subyektiv müdafiəçilərindəndir. Məktubun təşkil edilməsi işinin qabağına onun düşdüyünü təxmin etmək olar. Həsən Hüseynovu şəxsən tanıyıram, bu sahədə onun obyektivliyinə inana bilmərəm. Andrey Bitovun hələ ötən əsrin 70-80-ci illərdə erməni yazarların şovinist kitablarını dəstəklədiyini sən də yaxşı xatırlayırsan. Bəlkə təfərrüatlara girdik, ancaq bunu vurğulamaq istəyirəm ki, Əkrəm Əylisliyə sülh mükafatı verilməsi üçün Nobel komitəsinə məktub yazmış insanların obyektivliyinə inanmıram. 2015-ci ilə hazırlıq çərçivəsində bir türk yazarından istifadə edirlər. Qarabağ problemini bir tərəfə qoyaq: əsərdə Əylisli 1918-ə qədər gedib çıxır, guya qadağan olunmuş bir kitabı tapıb onu yazır. Elə isə o kitabın  1939-cu ildə çapdan çıxdığını və yasaq edilmədiyini Əkrəm müəllimin də bildiyinə inanıram. İçində heç bir şey olmayan o kitabın “qadağan edilmiş önəmli bir mənbə” kimi təqdim edilməsi obyektivlikdən uzaqdır. Sanki Türk ordusu bütün taktika və strategiyasını Əylis kəndinin üzərindən yaradaraq həyata keçirib. Bizim üçün komik olan bu şeylər ermənilər üçün komik deyil. Çünki 2015-ci il üçün bu, onlar üçün ələ düşməz bir fürsətdir, onlar özləri bunu düşünsələr, yaza bilməzdilər. Söhbət Əkrəm Əylislinin bunları yazmaqla yaxşı və ya pis iş görməsindən getmir, söhbət bədii cəhətdən çox zəif bir əsər üzərindən bir yazara sülh mükafatı verilməsi üçün edilən təklifdən gedir. Yazar bu əsəri ilə iki xalqı barışdırmaq istədiyini deyir, məncə isə, bu əsər iki xalqı daha çox dalaşdırmağa xidmət edib. Çünki heç bir yazar, jurnalist, dövlət iki tərəfi  barışdırma mövqeyinə iddia edəndən sonra tərəf saxlaya bilməz. Bu roman isə tamamilə tərəf saxlayır. Bəzən deyirlər ki, romanda azərbaycanlılar təktərəfli şəkildə tənqid edilib, ancaq ermənilər yox. Mən bu fikrə qatılmıram. Çünki əgər yazar deyirsə ki, millətləri oyuna gətiriblər, bu işləri arxadan quranlar və təhrik edənlər var, onda  iki xalqı da tənqid etməməlisən. Azərbaycanın bəzi önəmli şəxsiyyətlərinin romanda eyhamla təhqir edilməsi hansı sülhə xidmət edə bilər? Sülh yaratmaq iddiası ilə meydana çıxan “Daş yuxular”ın müəllifi, əslində, nifaqın daha dərinləşməsinə xidmət edib. İşin başqa bir sıxıntılı tərəfi Qarabağla əlaqəlidir. Müharibənin davam etdiyi və “erməni soyqırımı” iddialarının 100-cü ilinin yaxınlaşdığı vaxtda türk mənşəli bir yazarın bu cür bir əsərlə meydana çıxmasının sülhə xidmət etməyəcəyi əvvəlcədən məlum idi. Əkrəm müəllim deyir ki, sülh yaranmasına xalqımla bir yerdə sevinmək istərdim. Onda niyə roman yazırdın? Əgər işin sülh yaratmaq idisə, QHT yaradardın, məqalələr yazıb, konfranslar, aksiyalar keçirərdin. Heç kim özünü aldatmasın, roman yazmaqla sülh yaratmaq mümkün olsaydı, dünyanın münaqişəli bölgələri üçün hərə bir roman yazardı, dünya cənnətə çevrilərdi. Bədii əsərin cəmiyyət üzərində yaratdığı təsirin nəticəsini qısa müddətdə görmək mümkün deyil, bunun üçün 3-4 nəslin keçməsi lazımdır. Bir azərbaycanlı yazarın Nobel sülh mükafatını bu qədər zəif bir bədii əsərə görə almasına müsbət baxmıram. Bu ortamda Nobel sülh mükafatını bu şəkildə alması Əkrəm Əylisli adına da ayıb bir şeydir.

 

- Niyə Qərb yazarları bu cür mövzuları yazarkən böyük ölçüdə bəşəri kateqoriyalara sadiq qalır, söhbət insan haqlarının müdafiəsindən gedəndə tərəfsizliyini qorumağı bacarır, bizim toplumların yazarları isə həvəslə isterikanın  qucağına düşürlər? Ədəbiyyat sahəsində Nobel mükafatı alan Orhan Pamuk da təxminən eyni yolu sınaqdan keçirdi, indi də Nobel sülh mükafatına təqdim edilmiş Əkrəm Əylisli üçün eyni ssenarinin səhnədə olduğu iddia edilə bilər. Bizim yazarlarımızın Nobel alması üçün birinci kriteriya “erməni soyqırımı”nı bu və ya digər formada təsdiq etməkdirmi? Nobel bunu bizim yazarlarımıza ev tapşırığı kimi verib?

 

- Roman yazmaq asan iş deyil. 100 illik nəsr tariximizdə bəlkə 10 yaxşı romanımız var, ya da yoxdur. Yazarlarımız çox vaxt özgürlüklərindən böyük həvəslə və limitsiz dərəcədə güzəştə gedirlər. Həm gerçək mənada roman yazıb, həm də daim iqtidardan maddi cəhətdən gözlənti içində olmaq ədəbiyyatımızı və özgürlüyümüzü sıxıntıya salan əsas faktorlardan biridir. Sənin ağlına gələrmi Faulkner ətrafına gizli və ya açıq mesajlar verib “Məni Konqresə üzv seçsinlər, iqtidarı tərifləyim” - desin? Yazarlarımız “Bunu bu şəkildə  yazsam, bu qədər mənfəətim olar, kreslomda 21 il, 27 il yox, 30 il oturaram” - haqq-hesablarından vaz keçmədikləri müddətcə subyektivliyimiz davam edəcək. Yazarlarımızın əksəriyyəti dövlətdən pay, ənam istəyir. Mirzə Ələkbər Sabir sabun bişirib satırdı, ancaq düşüncələrini istədiyi şəkildə ifadə edirdi. Bunun nəyi pis idi?

 

- Gabriel Garcia Marquezin Nobel mükafatı almasını hər ikimiz yaxşı xatırlayırıq. Ancaq heç birimiz Marquezin mükafata təqdim ediləndən sonra hər gün açıqlamalar verib “Siyahıdakıların bioqrafiyalarını oxudum, məni tamamilə obyektiv şəkildə təqdim ediblər” dediyini görmədik...

 

- Ağlı başında olan heç bir insan bunu etməz. Çünki mükafatı haqq edən bir insan belə bu ərəfədə susmağa üstünlük verib düşünməlidir ki, birdən nəsə deyib səhv edərəm, Nobel komitəsinin obyektiv qərar verməsini təsir göstərə bilərəm, haqq etdiyim mükafatdan da məhrum olaram. İşin doğrusu budur. Bizdəki məsələ başqadır. Guya irəlidə meydana çıxa biləcək sərt tənqidlərin indidən qarşısı alınmağa çalışılır. Ən azından Əkrəm Əylisli örnəyində vəziyyət belədir. Əkrəm Əylislinin 60-70-ci illərdə çox önəmli əsərlər yaratdığına inanıram, ancaq Azərbaycan ədəbiyyatında mənim yazarım Sabir Əhmədovdur. Əsərlərindən başqa, ədəbiyyatdakı duruşuyla bağlı danışmağımız lazım olan 3-4 yazardan biri mərhum Sabir müəllimdir. Bunu Əkrəm Əylislini tənqid etmək mənasında demirəm, onun yaradıcılığının ilk 20 illik dönəmini ədəbiyyatımıza çox dəyərli əsərlər qazandırdığına bundan sonra da şübhəm olmayacaq. Ancaq Nobel sülh mükafatı ilə bağlı yaranmış vəziyyətin hamıdan çox Əylisliyə sıxıntı verdiyini təxmin edə bilirəm: yadındadır ki, əsər çap ediləndə Əylisli onu dilimizə çevirənləri məhkəməyə verəcəyini demişdi. Roman sətri tərcümədir, orada Əylislinin üslubundan əsər-əlamət yoxdur. Mən o əsəri Əkrəm Əylislinin yazdığına da inanmıram. Əgər gələcəkdə söhbəti bu istiqamətdə davam etdirməyə lüzum yaranarsa, elə buradan davam edərik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR