Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel indiyə qədər 172 nəfərin xilas edildiyini, 6 nəfərin öldüyünü açıqlayıb.
Bu arada gəminin batmasına dair ilkin ehtimal məlun olub. Ünal Üstel bildirib ki, iki ardıcıl dalğa zərbəsindən sonra gəmiyə su dolmağa başlayıb.
Türkiyənin NTV telekanalının xəbərinə görə, gəmi öncə yan tərəfə yatıb, daha sonra isə tərsinə çevrilib. Gəmin çevrilməsinin sərnişinlərin bir qisminin göyərtədən çıxmasına da mane ola biləcəyi və məhz bu amilin qurbanların sayının artıra biləcəyi bildirilir.
***
saat 15.54
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.
ŞKTC Baş naziri gəminin batması nəticəsində ölənlərin də olduğunu qeyd edib.
***
saat 15.18
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə işləri davam edir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Girnə Bələdiyyə sədri Murat Şenkul 160 nəfərin xilas edildiyini, hazırda onların limana gətirildiyini bildirib.
Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı isə artıq 100 nəfərin sahilə çıxarıldığını açıqlayıb.
***
saat 15.07
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə işlərinə 1 vertolyot, Sahil Mühafizə Xidmətinin 4 qayığı cəlb edilib.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Sahildəki özəl qayıqlar da xialsetmə əməliyyatında iştirak edir.
Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı indiyə qədər 10 nəfərin xilas edildiyini bildirib.
***
saat 13.54
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.
Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub.
Xilasetmə əməliyyatı başlayıb.