Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin APA-ya verdiyi məlumata görə, hekayələr bu ilin fevral-aprel aylarında litva diLində nəşr olunub.
Yazıçının “Nənəm, babam və kommunizm” adlı hekayəsi Vilnüsdə “Šiaurės Atenai“ (“Şimal Afinası”) ədəbiyyat və incəsənət həftəlik qəzetinin 1 fevral 2013-cü il tarixli 5-ci sayında çap edilib.
Nasirin “Sular günəşə nəğmə oxuyanda” əsəri “Literatūra ir Menas” (“Ədəbiyyat və İncəsənət”) həftəlik mədəniyyət jurnalında, “Məzar gəlini” hekayəsi “Nemunas” (“Neman”) ədəbiyyat və incəsənət həftəliyində, “Gözünə gün düşür” hekayəsi “Metai” (“İlin fəsilləri”) adlı ədəbi-bədii jurnalında işıq üzü görüb.
Əsərləri orijinaldan litva dilinə tanınmış türkoloq alim və diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, mütərcim Halina Kobetskayte və Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycanın əməkdar jurnalisti Mahir Həmzəyev tərcümə edib.
Qeyd edək ki, Hekayələrdən ikisi - “Məzar gəlini” və “Gözünə gün düşür” – Qarabağ olayları mövzusunda yazılıb. E. Hüseynbəyli 2010-cu ilin fevral ayında yazdığı “Gözünə gün düşür» adlı hekayəsinin ideya və süjetinin erməni kinoçuları tərəfindən oğurlandığını və onların Qarabağ müharibəsi mövzusunda «Əgər hamı…» adlı film çəkdiyini iddia edir. Ermənistan “müəllifləri” çəkdikləri həmin filmi 2012-ci ildə «Oskar mükafatına təqdim edib, Hollivudda keçirilən “Arpa” kinofestifalında lentin premyerasını keçiriblər.
Buna görə, bir sıra xarici ölkələrdə bu filmin başlıca məfkurəsinin və süjet olaraq seçilən olayların məzmun vektorunun Azərbaycan müəllifinə məxsus olmasını təsdiq edən konkret tədbirlərin həyata keçirilib. Həmin tədbirlər çərçivəsində “Gözünə gün düşür» hekayəsi rus, gürcü, türk, fars, ərəb və ingilis dillərinə çevrilib. Beləliklə, bu dillərdə yazan və ünsiyyət saxlayan xalqların geniş ictimai dairələri tərcümə vasitəsilə əsərlə tanış olub və həqiqətin kimin tərəfində olduğunu biliblər.