Bakı. Cavid Zeynallı - APA. Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən APA-ya verilən məlumata görə, mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyət istiqamətləri, dil və tərcümənin təkmilləşdirilməsi üzrə həyata keçirdiyi layihələr barədə, eləcə də bu illər ərzində qədim yunan fəlsəfəsindən tərcümə və nəşr edilən əsərlərdən danışıb: “Bu əsərlər müxtəlif illərdə Mərkəzin “Xəzər” dünya ədəbiyyatı” jurnalında dərc olunub. Bu il isə Mərkəz məşhur yunan filosofu və ədibi Sofoklun “Antiqona” əsərinin tərcüməsini həyata keçirib. Kitab hazırda istehsalat prosesindədir. Əsərin yaxın zamanlarda Akademik Milli Dram Teatrın səhnəsində tamaşaya qoyulması da planlaşdırılır”.
Direktor dünya dillərinə tərcümə olunan ədəbiyyatların çox zaman həvəskar tərcüməçilər tərəfindən həyata keçirilməsi probleminə toxunub: “Səfirlərlə görüşlər zamanı məlum olur ki, müxtəlif ölkələrin ədəbiyyatı bizim dilə və bizim ədəbiyyatımız başqa dillərə kimlər tərəfindənsə tərcümə olunur. Sonrakı araşdırmalar çox vaxt bu işin qeyri-peşəkar həvəskarlar tərəfindən, müəyyən qrantlar almaq niyyəti ilə həyata keçirildiyini aşkarlayır”.
Səfir D.Tsounqas qeyd edib ki, Azərbaycanda belə bir təşkilatın yaradılması sevindiricidir: “Bu Mərkəz mənə doğmadır, ona görə ki, dil və ədəbiyyat üzrə təhsil almışam. Bildiyiniz kimi, yunan dili bütün Avropa dillərinin əsasını təşkil edir. Mən bununla fəxr edirəm, amma təkcə yunan dilini bilmək bizə kifayət etmir. Artıq 60 ildir Yunanıstanda xarici dillər tədris olunmağa başlayıb. Biz klassik yunan mütəfəkkirlərinin əsərlərinin xarici dillərə tərcümələrinə ehtiyac duyuruq, eyni zamanda başqa xalqlar da, düşünürəm, bu işdə maraqlıdırlar. Sevinirəm ki, azərbaycanlı alim Əli Sultanlı yunan müəlliflərinin əsərlərini tədqiq edib, dəyərli bir kitab yazıb. Mən həmin kitabı və Bakı Slavyan Universitetinin nəşr etdiyi N.A.Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabını Milad bayramında ölkəmizin Parlament üzvlərinə, dövlət adamlarına hədiyyə göndərdim. İstərdik ki, Nobel mükafatı almış iki yunan yazarının - Odysseas Elytis və Giorgos Seferisin əsərləri dilinizə tərcümə olunsun. Təəssüf ki, Yunanıstanda Azərbaycandakı Tərcümə Mərkəzi kimi dövlət qayğısıyla fəaliyyət göstərən qurum yoxdur, ancaq Tazıçı və Tərcüməçilər Assosiasiyası fəaliyyət göstərir. Çalışacağam ki, Tərcümə Mərkəzi ilə həmin qurumlar arasında sıx əlaqələr qurulsun”.
Salonikidə və Afinada keçirilən Beynəlxalq Kitab Sərgilərində Tərcümə Mərkəzinin iştirakını arzu etdiyini bildirən səfir Mərkəzin 2016-cı ildə UNESCO-nun təşkilatçılığı ilə Salonikidə keçiriləcək Aristotel irsinə həsr olunmuş beynəlxalq tədbirdə də iştirak etməsini arzuladığını bildirib.