Aytən Mustafayeva: “Avropaya suriyalı miqrantların köçü zamanı onların hüquq və azadlıqları tapdalanıb”

Aytən Mustafayeva: “Avropaya suriyalı miqrantların köçü zamanı onların hüquq və azadlıqları tapdalanıb”
# 10 dekabr 2015 10:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan-Ermənistan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan beynəlxalq sənədlər işlək deyil. Hesab edirəm ki, beynəlxalq sənədlərin özündə islahatlara ehtiyac var. Həm BMT-nin sənədlərində, həm də Cenevrə Konvensiyasında islahatlar aparılmalıdır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, hazırkı şəraitdə Azərbaycan vətəndaşlar ayıq olmalıdırlar: “Ayıq olmaqla bərabər, vətəndaşlarımız həm də vətənpərvər və savadlı olmalıdırlar. Çünki savadlı insanı aldatmaq çətindir”.

A. Mustafayeva qeyd edib ki, Avropaya suriyalı miqrantların köçü zamanı onların hüquq və azadlıqları tapdalanıb: “Yaxın Şərq regionu bu gün qan gölünə çevrilib. İnsanların evlərini dağıtdılar. Onlar da Avropaya üz tutmaq məcburiyyətində qaldı. Köç zamanı suriyalı miqrantların ləyaqəti alçaldıldı. Biz köç zamanı insan hüquqlarına hörmətsizlik gördük. Azərbaycan 25 il əvvəl qaçqın axını ilə üzləşmişdi. 90-cı illərdə Azərbaycan 1 milyona yaxın qaçqın və məcburi köçkünü qəbul etdi. Halbuki o vaxt ölkə müharibə şəraitində idi və çox cüzi miqdarda humanitar yardım alırdı”.

İnstitut direktoru deyib ki, Azərbaycanda bütün dinlərə münasibət tolerantdır: “Lakin bu gün bəzi qüvvələr din pərdəsi altında ekstremist fəaliyyətlə məşğul olurlar. Azərbaycanda dini etiqad azadlığı var. Nardaranda baş verən hadisələri insan hüquqlarının pozulması kimi qiymətləndirmək düz deyil. Nardaranda təhsilə münasibət dəyişib. Axı necə olur ki, orada uşaqları məktəbə buraxmırlar?! Biz cəmiyyət olaraq bu hadisələrə münasibətimizi ortaya qoymalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR