Mübariz Qurbanlı İranın Azərbaycandakı səfiri ilə görüşüb

Mübariz Qurbanlı İranın Azərbaycandakı səfiri ilə görüşüb
# 15 may 2015 11:39 (UTC +04:00)

Bakı-APA. Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ayini qəbul edib.


Komitədən APA-ya verilən məlumata görə, Mübariz Qurbanlı İrana rəsmi səfəri haqqında danışaraq, səfərin yüksək səviyyədə təşkilinə görə səfirə minnətdarlığını bildirib. Komitə sədri bildirib ki, İranda müxtəlif məsələlər və layihələrlə bağlı çox səmərəli müzakirələr keçirilib. O cümlədən, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə birgə layihələr həyata keçirmək, dini təhsil sahəsində təcrübə mübadiləsi və İslam dini ilə bağlı maarifçilik fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə komitə sədri qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunla tənzimlənir və dövlət tərəfindən dini qurumlara və icmalara hərtərəfli dəstək verilir.

Səfir bu cür səfərlərin ölkələrimiz arasında münasibətlərin daha yüksək xətlə inkişaf etməsinə töhfə verəcəyini ifadə edib.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – İran arasında qarşılıqlı etimad və dostluq münasibətləri bundan sonra da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR