Bakıdakı liseylərdən biri AMEA-nın tabeliyinə verilib

Bakıdakı liseylərdən biri AMEA-nın tabeliyinə verilib
# 03 noyabr 2014 12:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi ilə əldə olunan razılığa əsasən, Bakıdakı Təbiət təmayüllü lisey Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyinə verilib.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri Nuridə Quliyeva APA-ya açıqlamasında deyib ki, həmin lisey şagirdləri elmə hazırlayacaq və onların təhsili fərqli olacaq.

Onun sözlərinə görə, həmin liseyin şagirdləri artıq akademik, fundamental əsaslarla hazırlanacaqlar: “Həmin liseyin tədris proqramında dəyişiklik ediləcək. Bu dəyişikliklər nazirliklə razılıq əsasında aparılacaq və işlər birgə görüləcək”.

N.Quliyeva AMEA magistraturasına qəbul imtahanı ilə bağlı bəzi detalları da açıqlayıb. O qeyd edib ki, magistraturaya qəbulla bağlı hazırlıq işləri gedir və işçi qrupu layihə üzərində iş aparır. Onun sözlərinə görə, magistraturaya qəbul 2 mərhələdə aparılacaq. N.Quliyeva vurğulayıb ki, qəbul imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləcək, sonradan isə AMEA-nın daxilində müsahibə təşkil ediləcək: “Onlar test imtahanı və daxili müsahibəni keçəndən sonra magistraturaya qəbul olunacaqlar. Qəbul planı üzərində iş gedir və ixtisaslar seçimi aparılır. İxtisaslar illərlə qalmış ixtisaslardır. İnkişaf etmiş dövlətdə zamanın tələb etdiyi yeni ixtisaslara ehtiyac var. Tam təsdiq olunandan sonra elan olunacaq ki, hansı ixtisaslar üzrə qəbul aparılacaq. Qəbul planı həm AMEA-nın institutlarında, həm də ali məktəblərə ayrılacaq. Buna əsasən də magistraturaya qəbul olanlar həm AMEA-nın institutlarında, həm də ali məktəblərdə təhsil alacaqlar. Magistratura AMEA üçün yeni bir mərhələdir və bunu mükəmməl formaya salmağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR