Direktorların işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır.
APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən müəllimlərin sertifikasiyası ilə bağlı məlumatlandırıcı sessiyada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, sertifikasiyadan uğurla keçən və yüksək nəticə əldə edən müəllimlərin göstəriciləri gələcəkdə direktor və direktor müavinlərinin işə qəbulu zamanı nəzərə alınacaq:
"2022-ci ildə təşkil olunmuş prosesdə uğur qazana bilməyən təhsilverənlər üçün 57 təlim mərkəzi yaradılıb, 48 akademik saatlıq təlimlər həyata keçirilib. Bu təlimlərdə ümumilikdə 2380 təhsilveren iştirak edib. Təlimlərdə iştirak edən müəllimlərin 80 faizi təkrar sertifikatlaşdırmada uğur qazanıb. 2023-cü ildə təşkil olunmuş sertifikatlaşdırmada uğur qazana bilməyən 493 nəfər Azərbaycan dili və ədəbiyyat, 5495 nəfər ibtidai sinif üzrə təhsilverən təlimlərə cəlb olunub".