DİN polis orqanlarında vakant orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

DİN polis orqanlarında vakant orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
# 21 yanvar 2016 09:25 (UTC +04:00)

Bakı-APA. Respublikanın şəhər, rayon polis idarə və şöbələrində (Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) orta rəis heyəti vəzifələrinə hüquqşünas ixtisaslı mütəxəssislərin xidmətə qəbulu ilə əlaqədar müsabiqə keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cəmi 150 vəzifənin tutulması ilə əlaqədar keçirilən müsabiqə müsahibədən və test imtahanından ibarətdir. Müsahibə – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə, test imtahanları – müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərlə daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara aid, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini müəyyən edən proqram və onu əhatə edən suallar üzrə DİN-in Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilir.

Müsabiqədə dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası almış (xarici dövlətlərin təhsil müəssisələrinin yalnız əyani şöbəsini bitirmiş və ixtisasları Azərbaycan Respublikasında tanınmış), yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər orqanlarında xidmətə bərpa olunan və yaxud yenidən qəbul edilən orta və böyük rəis heyəti vəzifələrində işləmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri DİN-in Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər mia.gov.az./?/az/content/29779/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər.


Müsabiqədə iştirak etmək üçün sənədlər 2016-cı il yanvar ayının 21-dən fevral ayının 21-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 18-dək şəhər, rayon polis idarə və şöbələrində qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR