Ted Kruzla Con Keysik Donald Trampa qarşı birləşiblər

Ted Kruzla Con Keysik Donald Trampa qarşı birləşiblər
# 25 aprel 2016 09:18 (UTC +04:00)

Bakı-APA. ABŞ-da respublikaçıların prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün keçirilən ilkin seçki (praymeriz) prosesində senator Ted Kruz və Ohayo ştatının qubernatoru Con Keysik milyarder Donald Trampa qarşı əməkdaşlıq etmək barədə razılığa gəliblər.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, T. Kruz və C. Keysikin seçki qərargahları bildiriblər ki, bundan sonra keçiriləcək ilkin seçkilərdə şansı daha az olan namizəd digərinə güzəştə gedəcək.

Beləliklə, T. Kruz diqqətini İndiana, C. Keysik isə Oreqon və Nyu-Meksika ştatlarına yönəldəcək. Bu strategiyanın məqsədi odur ki, D. Tramp respublikaçıların qurultayında 1237 nümayəndənin dəstəyini təmin edə bilməsin. Əks halda D. Tramp avtomatik olaraq prezident seçkilərində respublikaçıların namizədi olacaq.

C. Keysikin nümayəndəsi Con Uiver bildirib ki, D. Trampın İndiana ştatında qələbəsinə yol verməmək lazımdır və buna görə də ilkin seçkilərdə İndiana ştatında T. Kruza güzəştə gediləcək.

Qeyd edək ki, respublikaçılarla demokratların prezidentliyə namizədləri iyul ayında bu partiyaların qurultaylarında müəyyən ediləcək. ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR