İsrail XİN-in nümayəndəsi: "İranla nüvə razılaşması Azərbaycanla əlaqələrimizə təsir etməyəcək"

İsrail XİN-in nümayəndəsi: "İranla nüvə razılaşması Azərbaycanla əlaqələrimizə təsir etməyəcək"
# 19 yanvar 2016 15:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycanla İsrail arasında çox yaxsı münasibətlər var. Biz bu münasibətləri vacib hesab edirik. Gələcək əməkdaşlıq üçün böyük potensial mövcuddur".

APA-nın xəbərinə görə, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktor müavini Zvi Ravner Bakıda keçirdiyi brifinqdə deyib. O bildirib ki, İsrail və Azərbaycan davamlı dialoq aparmalıdır: "Bizim müzakirə edəcəyimiz regional, qlobal və ikitərəfli münasibətlər baxımından böyük məsələlər var. Biz bütün məsələləri dostcasına müzakirə edirik. Bütün sahələrdə güclü işləməliyik, əməkdaşlığımızı dərinləşdirməli, genişləndirməli və şaxələndirməliyik".

Z. Ravner qeyd edib ki, İsrail İranla əldə olunan nüvə razılaşmasına kritik yanaşır: "Bunun gələcəyini nikbin görmürük. Lakin biz Azərbaycanın bu razilaşma ilə bağlı mövqeyini anlayırıq. İran Azərbaycanın böyük sərhədi olan qonşusudur. Bu razılaşmanın Azərbaycanla əməkdaşlığımıza heç bir təsiri olmayacaq".

İsrail XİN-in təmsilçisi Azərbaycanla iqtisadi sahədə əlqələri genişləndirmək istədiklərini söyləyib: "Xüsusilə neftin qiymətinin düşdüyü və böhran olan indiki dövrdə İsrail Azərbaycanla öz təcrübələrini bölüşə bilər. İsraildə yüksək texnologiyalar, tibb,kibernetika sahələri inkişaf edib. Bizdə bu sahədə böyük mütəxəssislər qrupu var. Təbii ki, investisiyanı investor sərf edir və investisiya qoymaq onun marağında olmalıdır. Lakin ölkə bunun üçün mühit yaratmalıdır ki, investor üçün cəlbedici olsun. Biz bu mühitin yaradılması barədə müzakirələr aparırıq. İndiki dövr çox çətindir. Ola bilsin ki, bu sadaladığım sahələrdə əməkdaşlıq üçün fürsət yaranıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR