Prezident İlham Əliyev: “Azərbaycanda savadlılıq təxminən 100 faizdir”

Prezident İlham Əliyev: “Azərbaycanda savadlılıq təxminən 100 faizdir”
# 15 sentyabr 2016 12:46 (UTC +04:00)

Bakı – APA. “Son 10 il ərzində Azərbaycanda üç mindən çox məktəb tikilib və ya əsaslı şəkildə təmir edilib. Düzdür, hələ də qəzalı vəziyyətdə məktəblər var. Ancaq onların da tikintisi, bərpası nəzərdə tutulur və hesab edirəm ki, gələn yaxın illər ərzində bir dənə də təmirsiz, qəzalı məktəb olmayacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, bu işlər böyük vəsait tələb edir: “Azərbaycan dövləti güclü dövlətdir və sosial sahə, təhsil sahəsi bizim üçün prioritetdir. Ona görə, biz bu məqsədlərə nail olmaq üçün lazımi maliyyə resursları da təmin edirik”.

Təhsilin hər bir dövlətin gələcəyi olduğunu deyən Azərbaycan prezidenti bildirib ki, indi təhsilin keyfiyyəti ön plana çıxır: “Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müəllimlərin əməkhaqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR