Milli Məclisin üzvləri ATƏT PA-nın yay sessiyasında iştirak edəcəklər

Milli Məclisin üzvləri ATƏT PA-nın yay sessiyasında iştirak edəcəklər
# 28 iyun 2016 13:17 (UTC +04:00)

Bakı-APA. Milli Məclis (MM) sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə , Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyasında iştirak etmək üçün iyunun 29-da Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.


MM mətbuat xidmətindən APA-ya bildirilib ki, “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiyada öncə daimi komitə toplaşacaq, sonra plenar iclas başlanacaq. Sessiya çərçivəsində ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi komitələrinin iclasları keçiriləcək, bir sıra qətnamə layihələri müzakirəyə çıxarılacaq.


Qurumun yay sessiyasında Avropanın təhlükəsizliyi, miqrantlar və qaçqınlarla bağlı böhranda gender problemlərinin təhlili, qaçqınların hüquqları, zorakılıq və diskriminasiya ilə mübarizə, neonasizmin baş qaldırmasına yol verilməməsi, uşaqların cinsi istismarına və uşaq ticarətinə son qoyulması üçün hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq. Gürcüstanda münaqişəyə, Krımda insan hüquq və əsas azadlıqlarının pozulmasına dair müzakirələr aparılacaq. Çernobıl fəlakətinin 30-cu ildönümünə dair sənəd qəbul ediləcək.

Sessiyada ATƏT məkanında qanunun aliliyini təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə məsələsi gündəmdə olacaq. ATƏT PA ilə ATƏT arasında münasibətlərin möhkəmləndirilməsinə, Baltik dənizi regionunda əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Böhranlara və münaqişələrə qarşı səmərəli tədbirlərin işlənib hazırlanması istiqamətində ətraflı fikir mübadiləsi aparılacaq.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri qurumun bütün iclaslarında fəal iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.

Səfər iyulun 6-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR