Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər məhkəmədə ifadə verib

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər məhkəmədə ifadə verib
# 14 yanvar 2016 10:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə

təqsirləndirilən Kənan Mədətov və Arif Əliyev ifadə verib.

Kənan Mədətov bildirib ki, Rasim Əliyevlə dalaşmağa yox, çay içməyə gediblər. O, cinayəti bilib, xəbər vermədiyi üçün özünü təqsirli bildiyini deyib.

K. Mədətov qeyd edib ki, Rasim Əliyevlə dalaşandan sonra “Bibiheybət” məscidinə gedib namaz qalıblar: “Biz Rasim Əliyevin öləcəyini gözləmirdik”.

Daha sonra onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. K. Mədətov ifadəni təsdiq etməyib.

Arif Əliyev isə çıxışında Rasim Əliyevlə görüşə dalaşmaq məqsədilə getdiklərindən xəbərsiz olduğunu deyib. Onun ibtidai istintaqa verdiyi ifadəni elan edilib.

A. Əliyev də ifadəni təsdiq etməyib.

Proses yanvarın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR