Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqların “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaqların “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib
# 15 yanvar 2016 18:20 (UTC +04:00)

Bakı-APA. Valideyn himayəsindən məhrum uşaqların Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Şahdağ” Turizm Mərkəzində istirahəti təşkil edilib.

Fonddan APA-ya verilən məlumata görə, müxtəlif uşaq evlərində məskunlaşmış uşaq və yeniyetmələr paytaxtımızdan onlar üçün ayrılmış xüsusi avtobuslarla “Şahdağ” Turizm Kompleksinə yola düşüblər. Qafqaz dağlarına tibbi və təhlükəsizlik qaydaları çərçivəsində həyata keçirilən səfər zamanı Fond bütün uşaqları qış istirahəti üçün nəzərdə tutulmuş geyim və digər lazımi əşyalarla təmin edib.

“Şahdağ” Turizm Kompleksinə gələn uşaqların səmərəli istirahəti və asudə vaxtının təşkili üçün maraqlı proqram hazırlanıb. İkigünlük səyahət zamanı onlar kompleksin “Pik Palace Şahdağ” otelində yerləşdiriblər. Nəzarətçilərin və təlimatçıların rəhbərliyi ilə yaş qruplarına uyğun hazırlanmış proqram çərçivəsində uşaqları qış idman oyunları, animatorların iştirakı ilə əyləncələr, o cümlədən karaoke və müxtəlif müsabiqələr gözləyib.

Qeyd edək ki, Heydər Əliyev Fondu 2004-cü ildən “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublikada 30-dan çox uşaq evi və internat məktəbinin yenidənqurma və əsaslı təmirini həyata keçirib, ata-ana qayğısından məhrum uşaqlar üçün ailə mühitini əvəz edən yaşayış və məişət şəraiti yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR