Deputat nazirlər və millət vəkillərinin digər vəzifələrinin ixtisar olunmasına çağırıb

Deputat nazirlər və millət vəkillərinin digər vəzifələrinin ixtisar olunmasına çağırıb
# 01 fevral 2016 09:50 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işlər planının müzakirəsi zamanı deputatlar tərəfindən iradlar səsləndirilib.

APA-nın məlumatına görə, çıxış edən deputat Zahid Oruc xalqı yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevi çox vəzifə daşımaqda ittiham edib. O qeyd edib ki, Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz əsərlərinin qonorarı ilə daim yaxşı yaşaya bilər: “Açıqlama verib ki, “Əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?" Onun narahatlığını başa düşürəm. Amma onun açıqlaması özünə də aiddir. Çünki özü çox vəzifə daşıyır. Eyni zamanda bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu, millət vəkillərinə də aiddir. Qoy, Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.

Deputat Fazil Mustafa isə yaz sessiyasının ilk iclasında qanunvericilik işləri planı ilə bağlı danışarkən bir sıra məsələlərə irad bildirib. O qeyd edib ki, ölkə prezidenti İlham Əliyev çıxışlarında sahibkarlığa dəstək verilməsindən danışır, məmurların qarşısında ciddi tapşırıqlar qoyur: “Amma Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdısa, indi qiyməti 20-30 minə qaldırıb. Bundan əlavə, biz “İctimai iştirakçılıq haqqında” qanunu ona görə qəbul etdik ki, onun işləmə mexanizmi olsun. Amma görürük ki, bu qanunların qəbulu populizmdən başqa bir şey deyil. Biz “Elm haqqında” qanunu qəbul edəcəyiksə, onu plana salaq. Elm adamları bu qanunun qəbulunu çoxdan gözləyirlər. Məncə, bu sessiyada qanun qəbul edilməlidir”.

F. Mustafa “Kinematoqrafiya haqqında” qanunun da yenidən hazırlanmasına ehtiyac olduğunu deyib: “Azərbaycan" kinostudiyasına girəndə adam xəcalət çəkir. Kino çəkilmək üçün bu qədər pullar ayrıldı. Amma ortada keyfiyyətli bir kino, tele-serial yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR