Cahangir Hacıyev məhkəmədə ifadə verib - YENİLƏNİB

Cahangir Hacıyev məhkəmədə ifadə verib - YENİLƏNİB
# 24 avqust 2016 17:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyev ifadə verib. O, ilk öncə saxlanma şəraitindən narazılıq edib, istintaq təcridxanasında ona qida məhsullarını saxlamaq üçün soyuducu verilmədiyini deyib: "Mən həmişə istəmişəm ki, istintaq baş prokurorluq tərəfindən aparılsın. Çünki oranın məsuliyyətli işçiləri var. İttihamda göstərilir ki, 211 milyon ziyan vurulub. Amma nə qədər hesablasan belə, bu rəqəm alınmır. Mənim və yaxınlarımın 5 milyona yaxın səhmləri alqı-satqı olunub, amma əldə olunan vəsait kreditlərin ödənilməsinə yönəlməyib. Mən istintaqda bildirmişəm ki, fiziki şəxslərin adına olan kreditlər layihələrə yönəlib. Mən qanunları gözəl bilirəm və onların heç birini pozmamışam.

Hər şey 2008-ci ildən başladı. Dünyada maliyyə böhranı başlayanda bütün dünyada qabaqlayıcı tədbirlər görüldü, amma bizdə belə olmadı.

Beynəlxalq Banka heç bir xəbər vermədən devalvasiya qərarı verildi. Bu qərardan sonra bank bir gecədə 130 milyon manat vəsait itirdi”.

Mən heç kimlə birlikdə mütəşəkkil dəstə yaratmamışam. Biz terror təşkilatıyıq?"

Sonra C. Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.

Proses avqustun 26-da davam edəcək.

***

saat 13.16

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyevin vəkilləri - Fəxrəddin Mehdiyev və Aqil Layicov vəsatət qaldıraraq, məhkəmə tərkibinə etiraz ediblər. F. Mehdiyev deyib ki, buna səbəb məhkəmə heyətinin indiyədək 6 vəsatətdən heç birini təmin etməməsidir. Digər təqsirləndirilən şəxslərin vəkilləri isə vəsatətlə razılaşmayıb və indiki mərhələdə buna ehtiyac olmadığını bildiriblər.

Dövlət ittihamçısı Fərid Nağıyev də vəsatətin əsaslı olmadığını deyərək, təmin olunmamasını istəyib. Məhkəmə tərkibi vəsatətin əsaslandırılmadığı səbəb göstərərək, baxılmamış saxlayıb.

Prosesdə anket məlumatlar yenidən dəqiqləşdirilib.

Fəxrəddin Mehdiyev C. Hacıyevin şüşə qəfəsdən çıxarılaraq, vəkillərinin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırıb. Vəkil C. Hacıyevə istintaq təcridxanasında təzyiq edildiyini də diqqətə çatdırıb: "Onun soyuducusu belə əlindən alınıb və bu, Cahangir Hacıyevin günlərlə ac qalmasına səbəb olub".

Prokuror isə vəsatətə münasibət bildirərək, yalnız ifadə verən vaxt təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılmasının mümkün olduğunu və buna etiraz etmədiyini deyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Vəkil Aqil Layicov verilən kreditlərlə bağlı tələb-güzəşt sənədlərinin məhkəməyə təqdim olunmasını və araşdırılmasını istəyib. Hakim isə bu vəsatətə sənədlərin tədqiqi mərhələsində baxılacağını deyib.

Daha sonra məhkəmə istintaqı başlayıb və prokuror ittiham aktını elan edib.

C. Hacıyev də daxil olmaqla təqsirləndirilən digər şəxslər ittihama münasibət bildirərək, özlərini təqsirli bilməyiblər. C. Hacıyev ittiham aktında ona aydın olmayan məsələlərin olduğunu deyib.

Məhkəmə indiki mərhələdə təqsirləndirilən şəxslərin ifadə verməsi haqqında qərar qəbul edib.

Proses fasilədən sonra davam etdiriləcək.

Fasilədən sonra C. Hacıyevin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR