QHT-lərin iştirakı ilə "Milli iqtisadiyyatın strateji yol xəritəsi" müzakirə edilib

QHT-lərin iştirakı ilə "Milli iqtisadiyyatın strateji yol xəritəsi" müzakirə edilib
# 27 iyul 2016 13:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin növbəti ictimai müzakirəsi keçirilib.

"APA-Economics" xəbər verir ki, şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxışı zamanı bildirib ki, milli iqtisadiyyatın strateji yol xəritəsi müasir inkişafın tələblərinə uyğun şəkildə hazırlanmalıdır. F. Qurbnanov Azərbaycanda iqtisadiyyatın inkişafı üçün həyata keçirilən dövlət tədbirlərinin effektivliyindən danışaraq ölkə QHT-ləri də bu prosesdə iştirak etməyə səsləyib.

Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, "Milli iqtisadiyyatın strateji yol xəritəsi" çərçivəsində dünya miqyasında kapital, istedad və bazarlar uğrunda mübarizədə Azərbaycanın uğurla mövqe qazanması üçün imkanlar müəyyənləşdirilib.

"Azərbaycanda müxtəlif bölgələrində, Ağdam, Qazax, Şimal bölgəsində “Milli iqtisadiyyatın strateji yol xəritəsi” ətrafında geniş müzakirələr keçirilib. Dünyada iqtisadi problemlərin yaşandığı bir zamanda Azərbaycan təkcə antiböhran vəziyyətindən deyil, eyni zamanda strateji yol xəritəsindən danışır. Bu da üstünlükdür ki, 15 illik hədəfi indidən müzakirə edirik", - deyə V. Qasımlı vurğulayıb.

V. Qasımlı ilk ictimai müzakirənin Ağdam rayonunun Quzanlı kəndində aparıldığına diqqət çəkərək bildirib ki, “Milli iqtisadiyyatın strateji yol xəritəsi” bütün regionu, hətta işğal altında olan bölgələri də əhatə edir.

İctimai müzakirənin istiqamətlərindən danışan V. Qasımlı müzakirələrin 11 istiqamətdə aparıldığını diqqətə çatdırıb: “Bu istiqamətlərdən 4-ü istehsal ilə bağlıdır, həmçinin neft-qaz, telekommunikasiya və s. sahələri də əhatə edəcək. İndiyə qədər 10 kitab dərc olunub ki, dünyanın Azərbaycana uyğun ən yaxşı təcrübələrini burada qeyd etmişik. Azərbaycanın iqtisadi inkişafı ilə bağlı bildirmək istəyirəm ki, biz ortagəlirli ölkədən yüksəkgəlirli ölkəyə çevrilmək istəyirik. Bunun üçün də ixtisaslaşma çox vacibdir”.

Daha sonra QHT rəhbərlərinin iştirakı ilə davam etdirilən müzakirələrdə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədi ilə bağlı təkliflər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR