TAP konsorsiumu və "Saipem" arasında müqavilə imzalanıb

TAP konsorsiumu və "Saipem" arasında müqavilə imzalanıb
# 14 aprel 2016 13:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Trans-Adriatik qaz boru kəməri konsorsiumu (TAP) “Saipem SpA” şirkəti ilə layihənin dəniz hissəsində Layihələndirmə, Tədarük, Tikinti və Quraşdırma (EPCİ) işlərinin aparılması ilə bağlı müqavilə imzalayıb.


APA-Economics”in məlumatına görə, 36 düymlük sualtı boru xətti Adriatik dənizindən - Albaniya sahilləri və İtaliyanın cənubundan keçməklə 105 km uzunluqda olacaq.

EPCİ çərçivəsində Albaniya və İtaliya ərazisində dənizdə boru kəmərinin, fiber-optik kabellərin çəkilməsi və quraşdırma işləri aparılacaq.

TAP-ın icraçı direktoru Yan Bradşou (İan Bradshaw) tenderdə qalib gəlməsi münasibəti ilə “Saipem” şirkətini təbrik edib: “Mən tenderdə iştirak edən digər şirkətlərə də təşəkkür edirəm. Bildiyiniz kimi, dənişdə inşaat işlərinin aparılması zamanı özünəməxsus problemlər yaranır. Əminəm ki, “Saipem” şirkətinin yüksək təhlükəsizlik göstəricilərinə və təcrübəli komandası işləri beynəlxalq standartlara uyğun həyata keçirəcək”.

Qeyd edək ki, “Saipem” neft və qaz sektorunda qazma xidmətləri, eləcə də mühəndis, satınalma, kompleks layihələr, tikinti və boru kəmərləri, torpaq və dənizdə quraşdırma sahəsində dünya liderlərindən biridir. 43 min işçisi olan, dünyanın 60 ölkəsində fəaliyyət göstərən şirkət 2015-ci ildə 11,5 milyard dollar gəlir əldə edib.

TAP "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.

TAP-ın səhmdarları ARDNŞ (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (16%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.

Kəmərin uzunluğu 1800 km-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR