Azərbaycanda törədilmiş cinayətlər barədə məlumatların qəbulu və baxılması qaydaları dəyişib

Azərbaycanda törədilmiş cinayətlər barədə məlumatların qəbulu və baxılması qaydaları dəyişib
# 09 dekabr 2015 10:06 (UTC +04:00)

APA-nın məlumatına görə, Təlimatda edilən dəyişikliklər dekabrın 5-dən qüvvəyə minib.

Təlimata edilən əlavəyə əsasən bundan sonra DİN-in “102” xidməti-zəng mərkəzi sistemindən daxil olan cinayətlər barədə məlumatlar təsdiqlənməsindən asılı olmayaraq birbaşa qeydə alınacaq (1 nömrəli kitabda) və prosessual araşdırmaya təqdim ediləcək.

Poçt, teleqraf, kuryer və s. vasitələrlə daxil olan cinayət xarakterli məlumatlar dərhal dəftərxanada qeydə alınaraq polis orqanının rəisinə məruzə edilir. Təlimata əsasən rəisin yazılı göstərişi ilə həmin məlumat qeydə alınıb (1 nömrəli kitabda) və araşdırılması aidiyyəti üzrə istintaq və ya təhqiqat qurumunun əməkdaşına həvalə edilib. Dəyişikliyə əsasən artıq rəisin yazılı göstərişi ilə həmin məlumat qeydə alındıqdan (1 nömrəli kitabda) sonra araşdırılmasının təmini üçün aidiyyəti üzrə istintaq orqanı və ya ixtisaslaşmış təhqiqat qurumunun rəhbərinə yönəldiləcək.

Cinayət barədə məlumatlar 1 nömrəli kitabda qeydə alındıqdan sonra polis orqanının rəisinə məruzə olunur. Dəyişikliyə qədər rəis məlumatın icrasını müstəntiqə və ya təhqiqatçıya həvalə edib (istintaq və təhqiqat xidmətinin (qrupunun) rəisi vasitəsi ilə, xətt və ya ərazi polis bölməsində isə birbaşa). Bundan sonra isə rəis, təhqiqat orqanının rəhbəri kimi, məlumatı baxılması üçün aidiyyətindən asılı olaraq istintaq və ya ixtisaslaşmış təhqiqat qurumunun rəhbərinə istiqamətləndirəcək (xətt və ərazi polis bölməsində isə birbaşa).

İndiyə qədər cinayət barədə rabitə və ya digər texniki vasitələrlə daxil olan məlumatlar nömrəli kitabda qeyd edildikdən sonra məsul növbətçi tərəfindən orqan rəisinə məruzə olunub. Belə məlumat 1 nömrəli kitabda qeyd edildikdən sonra prosessual qərar qəbul edilməsi üçün icrası müstəntiqə və ya təhqiqatçıya həvalə olunub. Dəyişikliyə əsasən artıq DİN-in “102” xidməti-zəng mərkəzi sistemindən daxil olmuş cinayət xarakterli məlumatlar istisna olmaqla, digər texniki vasitələrlə daxil olan cinayət barədə məlumatlar 2 nömrəli kitabda qeydə alındıqdan sonra məsul növbətçi tərəfindən orqan rəisinə məruzə olunacaq. Həmin məlumatın cinayət xarakterli olması müəyyən edildikdə 1 nömrəli kitabda qeydə alınaraq prosessual araşdırmaya yönəldiləcək.

Digər dəyişikliklər cinayət xarakterli məlumatların araşdırılması ilə bağlıdır. Bundan əvvəl cinayət xarakterli məlumatların prosessual araşdırmalar aparmaq səlahiyyəti olmayan əməkdaşa həvalə edilməsi qadağan idi və buna görə təhqiqat orqanının (ərazi polis bölməsinin) rəisi məsuliyyət daşıyırdı. Dəyişikliyə əsasən isə cinayət xarakterli məlumatların araşdırılmasının təhqiqat orqanının əməkdaşlarına həvalə edilməsi qadağandır və buna görə təhqiqat orqanının rəhbəri (ərazi polis bölməsinin rəisi) məsuliyyət daşıyır.

Təhqiqat orqanının rəhbəri (ərazi polis bölməsinin rəisi) cinayət və hadisələr barədə məlumatların qəbulu və qeydiyyatı zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına gündəlik nəzarət edir və bu işin təşkilinə görə cavabdehlik daşıyır. İndiyə qədər təhqiqat orqanının rəhbəri (ərazi polis bölməsinin rəisi) məlumatın icrasını aidiyyəti üzrə müstəntiq və ya təhqiqatçıya, yaxud təhqiqat orqanının əməkdaşına həvalə edib. Dəyişikliyə əsasən artıq təhqiqat orqanının rəhbəri (ərazi polis bölməsinin rəisi) cinayət xarakterli məlumatları aidiyyəti üzrə istintaq və ya ixtisaslaşmış təhqiqat qurumunun rəhbərinə istiqamətləndirəcək, cinayət xarakterli olmayan məlumatları təhqiqat orqanının əməkdaşına həvalə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR