Rusiya şirkəti Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə maraqlanır

Rusiya şirkəti Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə maraqlanır
# 29 mart 2018 14:15 (UTC +04:00)

“Rusiya Kommunal Sistemləri” RKS şirkətinin rəhbər və mütəxəssisləri “Azərsu” ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.

“Azərsu”dan "APA-Economics"ə verilən məlumata görə, içməli su sektorunda dünyanın unikal qurğulardan sayılan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Rusiya şirkətləri tərəfindən maraqla qarşılanır.

Komplekslə tanışlıq çərçivəsində qonaqlara məlumat verilib ki, 2011-2015-ci illərdə tikilmiş qurğunun məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetrdir. Kompleksdə 5280 ədəd membran tipli süzgəc quraşdırılıb: "Ənənəvi təmizləmə qurğularından fərqli olaraq bu kompleksdə su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir".

Qeyd olunub ki, kompleks 2016-cı ildə Abu-Dabi şəhərində keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.

Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyib, burada yaradılmış laboratoriyanın fəaliyyəti ilə maraqlanıblar.

“Azərsu” ASC-nin Texniki istehsalat departamentinin rəisi Aydın Abbasov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Eyni zamanda bildirib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünyanın ultrasüzgəc texnologiyasına əsaslanan ən böyük sutəmizləyici qurğusudur. Su ilə əlaqəli beynəlxalq təşkilatların və xarici şirkətlərin Azərbaycanda səfərdə olan nümayəndələri qurğu ilə yaxından maraqlanır və onların kompleksə səfərləri təşkil olunur.

“Rusiya Kommunal Sistemləri” RKS şirkətinin nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını qeyd edib, burada yaradılmış infrastrukturun imkanlarını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, "Rusiya Kommunal Sistemləri" (RKS) Rusiyanın kommunal infrastruktur sahəsində fəaliyyət göstərən böyük şirkətlərindən biridir. Şirkət Rusiyanın Perm, Amur, Kirov, Samara, Tambov, Ulyanovsk vilayətlərində və Kareliya Respublikasında layihələr həyata keçirir.

Yeri gəlmişkən, şirkətin 2017-ci il üzrə fəaliyyətinin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş illik iclası 28-30 mart 2018-ci il tarixlərində Bakı şəhərində keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR