Sosial müavinət alanların sayı və xərclənmiş vəsaitin məbləği açıqlanıb

Sosial müavinət alanların sayı və xərclənmiş vəsaitin məbləği açıqlanıb
# 05 mart 2019 11:57 (UTC +04:00)

Keçən il Azərbaycan əhalisinin 5,1 faizinə və ya 505,9 min nəfərə sosial müavinət təyin olunub.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, sosial müavinət təyin olunanlardan 415,9 min nəfərə aylıq, 90 min nəfərə isə birdəfəlik sosial müavinətlər verilib. Ölkə üzrə 415 884 nəfər və ya 4,2 faiz aylıq, 90 056 nəfər və ya 0,9 faiz isə birdəfəlik sosial müavinət alanlardır. Bundan əlavə, 62 min nəfərə Azərbaycan Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən Prezident təqaüdləri təyin olunaraq ödənilib.
Sosial müavinət alanların sayı 2018-ci ildə 2017-ci illə müqayisədə 23 min nəfər, təqaüd alanların sayı isə 2 min nəfər artıb. 2018-ci il ərzində bu məqsədlər üçün 428,8 milyon manat vəsait sərf edilib.
Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial müdafiə proqramının icrası üçün 104 milyon manat vəsait xərclənib. 2018-ci ilin sonuna ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 42,7 min ailə olub ki, bu da 2017-ci illə müqayisədə 36,9 min ailə və ya 46 faiz azdır. 2018-ci ildə yardımın orta aylıq məbləği 161,2 manat olub. İlin sonuna təyinat alan ailələr üzrə yardımın orta məbləği 189 manata çatıb. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatlıların sayı 53 faiz azalaraq, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib.
Bundan əlavə, 2018-ci il 28 dekabr tarixinə Prezidentin 2018-ci il 19 dekabr tarixli sərəncamına əsasən ünvanlı sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib. Cəmi 42 895 ailəni əhatə edən bu yardımın ümumi məbləği 4,3 milyon manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR