AzMİU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

AzMİU-da 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
# 19 yanvar 2018 09:10 (UTC +04:00)

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 1 saylı korpusunda torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi - “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. O vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Gülçöhrə Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb. Çıxışında rektor yanvar hadisələri zamanı şəhid olan tələbə və məzunları yada salıb, tələbələrə şəhidlərimizi, eləcə də xalqımızın tarixində baş vermiş bütün faciələri, eyni zamanda 20 Yanvar faciəsini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.

Universitetin İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva Azərbaycan tarixinin ən şərəfli və həm də ən faciəli anlarından olan 20 Yanvar faciəsini milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR