“Qarabağ” 6-cı dəfə ilk “üçlük”də olacaq

“Qarabağ” 6-cı dəfə ilk “üçlük”də olacaq
# 09 aprel 2018 14:47 (UTC +04:00)

“Qarabağ” Topaz Premyer Liqasının 2017/18 mövsümündə mükafatçılar sırasında yerini təmin edib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri ardıcıl 6-cı dəfə çempionatı ilk “üçlük”də tamamlayacaq.

2012/13 mövsümünü gümüş medalla başa vuran ağdamlılar ardınca 4 çempionluq sevinci yaşayıb. Ardıcıl 5-ci çempionluğuna doğru irəliləyən “Qarabağ” istənilən əyarlı medalla seriyasını 6-ya çatdıracaq.

Bununla, Qurbanovun yetirmələri Azərbaycan futbolu tarixində 2-ci göstəriciyə imza atacaq. Bunadək ikinciliyi “Şəmkir”lə bölən Ağdam klubu qərbliləri arxada qoymağa müvəffəq olub.

Məsələ ondadı ki, hesabat turunda “Səbail”i 1:0 hesabı ilə yenməsi ilə medalı təmin edənədək “Qarabağ”ın ardıcıl 5 mükafatı vardı. “Şəmkir” də eyni sayda medalı sıralamağı bacarıb.

Qərb klubu 1997/98 mövsümündə başlayan zirvələrə çıxışını 2003/04 mövsümündə başa vurub. Bu müddətdə 2 qızıl, 2 gümüş və 1 bürünc əldə edən komandanın ən yaxşı dövrlərində ölkədə futbolsuzluğun hökm sürməsi daha 2 uğurun qazanılmasına mane olub.

Belə ki, 2001/02 mövsümü yarımçıq dayandırılıb, 2002/03 mövsümü isə ümumiyyətlə keçirilməyib. Təbii ki, həmin illər seriyaya təsir etmədiyindən “Şəmkir”in seriyası 1997/98 – 2003/04-cü illərə aiddi.

Qərbliləri arxada qoyan “Qarabağ” artıq yalnız bir komandadan geri qalır. Bu, ölkənin ən titullu klubu olan “Neftçi”di. “Ağ-qaralar” mütləq Azərbaycan rekordunu 10 il öncə rəsmiləşdirib.

Paytaxt təmsilçisi 1998/99 mövsümündən 2007/08 mövsümünədək ardıcıl 8 medal qazanıb və “Qarabağ”ı cəmi 2 mükafat üstələyir. Bu müddətdə “Neftçi” 2 qızıl, 2 gümüş və 4 bürüncə sevinib.

Qeyd edək ki, “Qarabağ” ümumilikdə 11-ci mükafatını rəsmiləşdirib. Əyarı bəlli olmayan bu medaladək ağdamlılar 5 qızıl, 2 gümüş və 3 bürüncə yiyələnib.

Bu göstəricidə də 2-ci olan “Qarabağ” “Neftçi”dən geri qalır. Paytaxt təmsilçisi 8 qızıl, 2 gümüş və 5 bürünc medala yiyələnib və ümumi mükafat sayı 15-ə bərabərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR