ABŞ-ın Torrens şəhərində Azərbaycanın müstəqillik günü qeyd olunub

ABŞ-ın Torrens şəhərində Azərbaycanın müstəqillik günü qeyd olunub
# 20 oktyabr 2017 08:48 (UTC +04:00)

Oktyabrın 18-də ABŞ-ın Los Anceles vilayətinin Torrens şəhərində Azərbaycanın müstəqillik gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft qonaqları salamlayaraq, Azərbaycanın müstəqillik tarixi, keçdiyi uğur yol, əldə etdiyi nailiyyətləri haqqında danışıb.


Sonra Torrens şəhərinin meri Patrik Fyuri çıxış edərək meri olduğu şəhərin bu cür mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluq duyduğunu bildirib. O, ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığına toxunaraq, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb. Daha sonra Torrens Şəhər Şurası tərəfindən 18 oktyabrın bu şəhərdə Azərbaycanın Müstəqillik Günü elan edilməsi haqqında bəyannamə şəhər meri Patrik Fyuri və Şəhər Şurasının digər üzvləri tərəfindən oxunaraq təqdim olunub.

Təqdimatdan sonra Azərbaycan və ABŞ bayraqları Torrens Şəhər Meriyası qarşısına gətirilərək, təntənəli şəkildə ucaldılıb. Sonra Azərbaycan Respublikasının Himni səsləndirilib.

Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev çıxışında Azərbaycan xalqının müstəqillik uğrunda şərəfli mübarizəsi, Azərbaycanın geostrateji mövqeyi, tarixi, zəngin mədəniyyəti, xarici siyasəti, iqtisadi inkişafı və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra Los Anceles Dinlərarası Şurasının sədri, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez və Los Ancelesin müsəlman icmasının tanınmış xadimi Məhəmməd Xan çıxış edərək, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında danışıblar.

Qeyd edək ki, 150 minlik əhalisi olan Torrens şəhəri Los Anceles vilayətinin ən böyük şəhərlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR