Nazir: “Sənaye parklarında rezidentlər tərəfindən 2,5 mlrd. dollar investisiya yatırılıb”

Nazir: “Sənaye parklarında rezidentlər tərəfindən 2,5 mlrd. dollar investisiya yatırılıb”
# 24 yanvar 2018 15:14 (UTC +04:00)

"Ötən il dövlət başçısının iştirakı ilə Balaxanı Sənaye Parkı istifadəyə verilib. Hazırda Sənaye Parkının işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti var".

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu bu gün İqtisadiyyat Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı keçirilən geniş kollegiya iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu rezidentlər tərəfindən sənaye parkına 23 mln. manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb: “Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Artıq sahibkarlar Balaxanı Sənaye Parkında polietilen və polipropilen tullantılarının, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalından biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə fəaliyyət göstərmək üçün müraciət ediblər”.

Nazir bildirib ki, Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 mln. dollar investisiya qoyuluşu və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur: “Sənaye Parkının müəssisələr üçün xammal yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaqdır. Sənaye Parkında inşa olunan "Mingəçevir Tekstil" fabriki bu ilin I rübündə istismara veriləcək. Ümumi dəyəri 65 mln. dollar olan müəssisədə 550 yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

Ş. Mustafayevin sözlərinə görə, gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin tikintisi həyata keçirilir: “Artıq Bakı Gəmiqayırma Zavodunda onlarla gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi təmir edilib. BP şirkətinin sifarişi ilə tikilən və dəyəri 378 mln. dollar olan "Xankəndi" sualtı tikinti gəmisi istismara verilib. Hazırda müəssisədə 2 ədəd "Ro-pax" tipli gəmi bərənin və 2 ədəd neftdaşıyan tankerin inşası davam etdirilir. Əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında təməli qoyulmuş 2 dərman zavodunun - Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" və Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed" zavodlarının, eləcə də birdəfəlik şprislər istehsal edəcək "Diamed Co" zavodunun tikintisi istiqamətində müvafiq tədbirlər görülür. Bu zavodlarda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. Ümumilikdə, bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Bundan başqa, 2017-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Ukraynanın "İndar" şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılmasına dair Anlaşma Memorandumuna əsasən, "İndar" şirkəti Sənaye Parkında beynəlxalq standartlara uyğun infuziya və inyeksiya məhlulları istehsal edəcək. Eyni zamanda, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə danışıqlar aparılır”.

Nazir qeyd edib ki, ümumilikdə, sənaye parklarında rezidentlər tərəfindən 2,5 mlrd. dollar investisiya yatırılıb və 11 minədək iş yeri yaradılıb: “Növbəti mərhələdə isə 1,1 milyard ABŞ dollarından çox investisiya yatırılması və 7500-dən artıq yeni iş yeri yaradılması nəzərdə tutulur. 2017-ci ildə Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin təşkili işləri isə davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR